Çində 8 Noyabr - Zəfər Günü qeyd edilib
Azərbaycanın Çindəki səfirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Economynews.az xəbər verir ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Bünyad Hüseynov Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfərin təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun və milli birliyin möhkəmləndirilməsinin dayandığını, bu mühüm prosesin əsasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoyduğunu deyib.
“Ulu Öndər Heydər Əliyev bilirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli təhlükəsizliyinin təmin edilməsi üçün güclü, müasir və peşəkar ordu vacibdir. Məhz buna görə də onun rəhbərliyi dövründə ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi”, - deyən səfir B.Hüseynov əlavə edib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji istiqamətlər sonrakı illərdə ölkəmizin iqtisadi və hərbi qüdrətinin artmasına, ordumuzun müasirləşməsinə və müdafiə qabiliyyətimizin güclənməsinə mühüm töhfə verib. Ulu Öndərin uzaqgörən siyasəti və müəyyən etdiyi dövlətçilik strategiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilib və Azərbaycan xalqı öz tarixi torpaqlarını azad edərək böyük Zəfərə imza atıb.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qələbədəki rolundan danışan səfir B.Hüseynov bildirib ki, Vətən müharibəsi dövründə də Prezident İlham Əliyev qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə edib, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıb.
Səfir Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində şəhidlərə ehtiramın, onların ailələrinə qayğı və qəhrəmanlıqlarının əbədiləşdirilməsinin xüsusi yer tutduğunu bildirib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli və qəhrəmanlarımızın xatirəsinin yaşadılması istiqamətində mühüm layihələr həyata keçirdiyini deyib. Fondun təşəbbüsü ilə həyata keçirilən layihələr şəhidlərin xatirələrinin yaşadılmasına və övladlarının qəhrəmanlıq ruhunda yetişməsinə töhfə verir.
Vətən müharibəsinin iştirakçısı, Azərbaycanın Çindəki hərbi attaşesi polkovnik Teyfur Rüstəmov 44 gün davam edən müharibə ərzində Azərbaycan ordusunun yüksək peşəkarlıq, cəsarət və qəhrəmanlıq nümayiş etdirdiyini, ordumuzun hər bir uğurunun xalqımızın qəlbində illərin həsrətini Zəfər sevincinə çevirdiyini deyib. “Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi müqəddəs əmanətimiz, qazilərimizə sahib çıxmaq isə mənəvi borcumuz, Vətəni yaşatmaq isə gələcək nəsillər qarşısında məsuliyyətimizdir”, - deyən hərbi attaşe əlavə edib ki, Zəfərin ən böyük bəhrəsi təkcə qazanılan qələbə deyil, həm də onun yaratdığı sülh, təhlükəsizlik və firavan gələcəkdir.
Sonra Vətən müharibəsində qazanılan tarixi qələbəmizə həsr olunmuş “Zəfər rəqsi” qısametrajlı bədii filmi nümayiş olunub. Film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü ilə ASAN TV tərəfindən ərsəyə gətirilib.