Allahşükür Paşazadə: "Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır"
Economynews.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə "Real TV"-yə müsahibəsində bildirib.
QMİ sədri qeyd edib ki, dövlətin qərarlarına hörmətlə yanaşılmalıdır:
"Biz dövlətin qərarlarına karşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini alimlər bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb."
A.Paşazadə bəzi qüvvələrin bu mövzudan təxribat məqsədilə istifadə etməyə çalışdığını vurğulayıb:
"Çox heyifsilənirəm ki, bəzi qüvvələr hem daxildə, hem də xaricdə Azərbaycanda musulmanlara əziyyət verildiyi ilə bağlı fikirlər yaymağa çalışırlar. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından keçiblər."
Sədr əlavə edib ki, narazılığı olan şəxslər məsələni hüquqi müstəvidə həll etməlidirlər:
"Hicab məsələsini ortaya atanların məqsədi müsəlmançılıq deyil. Şikayəti, narazılığı olan şəxslər nazirlərin qəbuluna düşə, fikirlərini bildirə bilərlər. Amma məktəblərdə səs-küy salmaq, uşaqları tədrisdən geri qoymaq hiç doğru addım deyil".