Bakıda vergi cinayətlərinin araşdırılması üzrə beynəlxalq seminar keçirilir – İƏİT və DVX-dən birgə təşəbbüs
Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dəstəyi ilə “Vergi cinayətlərinin araşdırılması üzrə Yetkinlik Modeli” əsasında özünüqiymətləndirmə seminarı işinə başlayıb.
Tədbirdə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Maliyyə Monitorinqi Xidməti, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bankın nümayəndələri iştirak edirlər.
Seminarın əsas məqsədi vergi cinayətləri ilə effektiv mübarizə üsullarını, beynəlxalq təcrübəni və yeni yanaşmaları müzakirə etmək, İƏİT-in “Vergi cinayətləri ilə mübarizəyə dair 10 Qlobal Prinsip”inə uyğun qiymətləndirmələr aparmaq, habelə dövlət qurumları arasında mövcud əməkdaşlıq mexanizmlərini təkmilləşdirməkdir.
Vergi intizamının gücləndirilməsi başlıca prioritetdir
Seminarın açılış sessiyasında çıxış edən DVX-nin rəis müavini Emil Qarayev Azərbaycanda kölgə iqtisadiyyatının azaldılması, iqtisadi fəaliyyətin şəffaflaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb. O bildirib ki, “DVX-nin 2025–2028-ci illər üzrə Strategiyası”nda vergidən yayınma ilə inamlı mübarizə başlıca hədəf kimi müəyyən edilib. Emil Qarayevin sözlərinə görə, fəaliyyətdə risk əsaslı yanaşmalara və təhlillərə üstünlük verilməsi vergi hüquqpozmalarının qarşısını preventiv almağa imkan verir. DVX rəsmisi İƏİT-in Yetkinlik Modeli əsasında aparılacaq özünüqiymətləndirmənin gələcək fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm olduğunu vurğulayıb.
İƏİT-in Vergi və Cinayətkarlıqla Mübarizə Bölməsinin müşaviri Kilen Smit-Konnor çıxışında maliyyə sektorunun gücləndirilməsi və fiskal şəffaflıq üçün vergi hüquqpozmaları ilə mübarizənin vacibliyini qeyd edib. O, Azərbaycanla əməkdaşlıq çərçivəsində biznes mühitində leqal fəaliyyətin təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib.
İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Qay Bonvin isə vergi cinayətlərinin araşdırılmasında birgə təşəbbüslərin və qurumlararası sıx əməkdaşlığın daha dayanıqlı ekosistem formalaşdıracağını bildirib.
Müzakirələr növbəti günlərdə də davam edəcək
Seminarın ilk günündə Azərbaycanda vergi cinayətlərinə qarşı mübarizə sahəsində mövcud hüquqi, institusional və əməliyyat mexanizmləri nəzərdən keçirilib, İƏİT-in Yetkinlik Modeli üzrə özünüqiymətləndirmə prosedurları təqdim olunub.
Növbəti günlərdə iştirakçılar işçi qrupları şəklində 10 Qlobal Prinsip üzrə istintaq səlahiyyətləri, aktivlərin dondurulması və müsadirəsi, təşkilati struktur, qurumlararası əməkdaşlıq və hüquqların qorunması kimi mövzularda qiymətləndirmələr aparacaqlar. Tədbirin sonuncu günü isə yekun təklif və tövsiyələrin təqdimatı, eləcə də gələcək fəaliyyət planının müzakirəsi nəzərdə tutulur.