Bakıda Fövqəladə Hallar nazirlərinin görüşü keçirilib – Birgə Tədbirlər Planı imzalanıb

04/11/2026 - 15:10
Bakıda Fövqəladə Hallar nazirlərinin görüşü keçirilib – Birgə Tədbirlər Planı imzalanıb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

​Görüş zamanı nazir Kəmaləddin Heydərov qonaqları salamlayaraq, yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatında iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Nazir bu mötəbər beynəlxalq idman yarışının Bakıda təşkil olunmasının əhəmiyyətini vurğulayaraq, tədbirin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin mütəxəssisləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və bu idman növünün inkişafına mühüm təkan verəcəyini qeyd edib.

​Azərbaycan və Rusiya arasında çoxşaxəli münasibətlərin dinamik inkişaf etdiyini diqqətə çatdıran K.Heydərov, hər iki ölkənin fövqəladə hallarla mübarizə qurumları arasında uğurlu əməkdaşlıq mexanizminin mövcudluğunu vurğulayıb. O, fövqəladə hallara hazırlaşma səviyyəsinin yüksəldilməsi, peşəkar kadr hazırlığı, elmi-metodiki dəstək və operativ informasiya mübadiləsi istiqamətində həyata keçirilən birgə fəaliyyəti yüksək qiymətləndirərək, bu səfərin ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini bildirib.

​Görüş çərçivəsində iki nazirlik arasında Birgə Tədbirlər Planı imzalanıb. Sənədin qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

​Öz növbəsində, Rusiya Fövqəladə Hallar naziri Aleksandr Kurenkov göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Bakıda keçirilən dünya çempionatının yüksək təşkilatçılıq səviyyəsini xüsusi qeyd edib.

​A.Kurenkov iki ölkə arasındakı qarşılıqlı etimada söykənən sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, aparılan danışıqların, təcrübə mübadiləsinin və imzalanmış Birgə Tədbirlər Planının gələcək birgə təşəbbüslərin reallaşdırılmasına yeni ivmə qazandıracağını diqqətə çatdırıb.