UNEC-də Zəfər Gününün 6-cı ildönümünə həsr olunan təntənəli tədbir keçirilib
UNEC-də 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunan təntənəli tədbir keçirilib.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Tədbirdə UNEC-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və hərbi orkestri, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər.
Rəsmi açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov Zəfər Gününün 6-cı ildönümü münasibətilə iştirakçıları təbrik edərək bu tarixi günün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsi olduğunu vurğulayıb. Şəhidlərin xatirəsinin yaşadılmasının, şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı göstərilməsinin hər kəsin mənəvi borcu olduğunu bildirən Ş.Əsgərov Zəfərin gənc nəsil qarşısında böyük məsuliyyət qoyduğunu qeyd edib. O, tələbələri bilik və bacarıqları ilə Azərbaycanın inkişafına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə töhfə verməyə çağırıb.
Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən və qazanılan möhtəşəm Qələbənin əsas amillərindən bəhs edib. O, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini, orduda vahid komandanlıq sistemini, Azərbaycan Ordusunun rəşadətini və xalqla ordu arasında mövcud olan sarsılmaz birliyi Zəfəri şərtləndirən mühüm amillər kimi qeyd edib. Müharibə dövründə xalqın ordumuza göstərdiyi mənəvi və maddi dəstəyə toxunan A.Mirzəyev bu həmrəyliyin Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.
UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin tələbəsi, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Elçin Fətullayev çıxışında silahdaşları ilə birlikdə Vətənin müdafiəsinə hər an hazır olduqlarını bəyan etdikləri günləri xatırladaraq, döyüş yolundan söz açıb. O, Azərbaycan əsgərinin yüksək döyüş ruhundan, qətiyyətindən və Vətənə sədaqətindən danışaraq, Vətən uğrunda mübarizənin onlar üçün şərəf məsələsi olduğunu vurğulayıb.
Şəhid Mürsəl Kazımovun atası Kamil Kazımov isə çıxışında Zəfər Günü ərəfəsində və 8 noyabr 2020-ci ildə xalqımızın yaşadığı sevinc və qürur hisslərini xatırladıb. O, 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulmasının böyük tarixi hadisə olduğunu bildirərək, bu Qələbənin şəhidlərin canı, qazilərin sağlamlığı və əsgərlərimizin misilsiz qəhrəmanlığı bahasına qazanıldığını diqqətə çatdırıb. Şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayan K.Kazımov onların fədakarlığının heç vaxt unudulmayacağını bildirib.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında “Azərbaycan – anaların anası” mahnısı səsləndirilib, Vətən sevgisini və Zəfər ruhunu tərənnüm edən “Zəfərə gedən yol!” kompozisiyası təqdim olunub.
Təntənəli mərasim Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin rəisi, polkovnik-leytenant Elşən Həsənovun rəhbərliyi ilə hərbi orkestrin ifasında Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş bayram konserti ilə davam edib. Orkestrin ifasında səslənən vətənpərvərlik ruhlu musiqi nümunələri tədbir iştirakçılarına qürur və unudulmaz anlar yaşadıb.
Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Zəfər Gününə həsr olunmuş rəsm əsərləri də nümayiş etdirilib.