TƏBİB-dən Vacib Açıqlama: Xəstəxanalarda Xidmət Çeşidləri Artırılacaq
Bu ilin sonuna qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmət çeşidləri əhəmiyyətli dərəcədə artırılacaq.
Bu barədə TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, tibb sahəsində həyata keçirilən yeniliklər davamlı xarakter daşıyır:
"Cari dövrə qədər olan müddətdə həm oftalmologiya, həm də digər istiqamətlərdə bir çox layihələr icra olunub. İlin sonuna kimi də bir çox layihələrimiz var və həmin layihələr üzrə açılışlarımız nəzərdə tutulub, xidmət çeşidləri artırılacaq".
Xatırladaq ki, Xətai Tibb Mərkəzində istifadəyə verilən yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsi də vətəndaşlara daha keyfiyyətli və ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi istiqamətində atılan növbəti addımlardandır.