Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

02/11/2026 - 21:10
Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Noyabrın 2-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümünə həsr olunan “Zəfər Günü – Qürur günümüz” adlı ədəbi-bədii və musiqili proqram keçirilib.

Economynews.az xəbər verir ki, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi tarixi Qələbənin əhəmiyyətini bir daha diqqətə çatdırmaq, Zəfər salnaməmizin gənc nəsil arasında təbliğinə töhfə vermək və milli-mənəvi dəyərləri təşviq etməkdir.

Azərbaycan könüllülərinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin Bakı İctimai Xorunun ifasında səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər Fondunun şöbə müdiri İsmayıl Süleymanov çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərdən, bu Qələbənin xalqımızın sarsılmaz birliyinin təcəssümü olmasından bəhs edib. O, həmçinin Zəfər yolunun gənc nəsil üçün ən böyük vətənpərvərlik və qəhrəmanlıq məktəbi olduğunu vurğulayıb.

Sonra çıxış edən AKTİ-nin sədri Vüqar Əliyev könüllülərin milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunun aşılanmasındakı mühüm roluna diqqət çəkib.

“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev isə tarixi Zəfərin xalqımızın milli qürur salnaməsindəki müstəsna yerindən, Böyük Qayıdış prosesindən və gənc könüllülərin bu quruculuq işlərindəki fəal iştirakının vacibliyindən söz açıb.

Tədbir çərçivəsində Zəfərə aparan şanlı yolu, xalq-ordu birliyini və qəhrəman əsgərlərimizin şücaətini əks etdirən videoçarx nümayiş olunub.

Bədii hissədə Əməkdar artist Təyyar Bayramov və tələbələrinin, həmçinin “Qoçəli” rəqs qrupunun təqdimatında vətənpərvərlik ruhunu, milli musiqi irsimizi və xalqımızın Zəfər coşqusunu tərənnüm edən kompozisiyalar səhnələşdirilib.