Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

31/10/2026 - 10:57
Yeniləndi: 1 saat əvvəl
Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər

Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.

 Economynews.az xəbər verir ki, festivalın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzində “Art Weekend”in açılışı çərçivəsində bir neçə sərgi təqdim olunub.

Açılışda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bu tədbirdə müxtəlif ölkələrdən olan tanınmış rəssamların iştirak etdiyini deyib: “Əlbəttə ki, bu, bir-birimizlə tanış olmaq, fikir mübadiləsi aparmaq baxımından gözəl fürsətdir. Qarşıdakı bir neçə gün ərzində siz təbiətin gözəlliyini, gücünü və əzəmətini əks etdirən çoxsaylı rəsm əsərləri, instalyasiyalar, heykəllər və performanslarla tanış olacaqsınız. 2012-ci ildə nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin qorunması məqsədilə Qafqazın “Böyük beşliyi” təşəbbüsünü yaratmışıq".

Bu təşəbbüsə qonur ayı, boz canavar, Qafqaz bəbiri, imperator qartalı və ceyranın daxil olduğunu vurğulayan Leyla Əliyeva bildirib ki, həmin vaxtdan yerli qurumlar və beynəlxalq təşkilatlarla birlikdə bu heyvan növlərinin mühafizəsi, onların yenidən təbii yaşayış mühitinə qaytarılması və areallarının genişləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə etmişik.

Təbiəti anlamağın və sevməyin ən yaxşı yolunun onun qoynunda daha çox vaxt keçirmək olduğunu diqqətə çatdıran Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Yalnız bu zaman onunla həqiqi bağlılıq hiss edə bilərik. Eyni zamanda, hər kəs hətta kiçik addımlarla böyük dəyişikliklərə töhfə verə biləcəyini unutmamalıdır. “Gələcəyi İNDİ duy” festivalının əhəmiyyəti bizim üçün məhz budur".

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təqdimatında milli rəqs nümunəsi nümayiş olunub.

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələn beynəlxalq incəsənət nümayəndələri adından Leyla Əliyevaya təşəkkür edən incəsənət kuratoru Simon de Püri (Simon de Pury) deyib: "Hələ 2012-ci ildə Londonda Sizinlə görüşmək fürsətim olmuşdu. Həmin görüş zamanı Azərbaycan rəssamlarının beynəlxalq səviyyədə daha geniş tanıdılması, əsərlərinin dünya miqyasında nümayiş etdirilməsi, eyni zamanda, ən tanınmış beynəlxalq rəssamların əsərlərinin Azərbaycana gətirilməsi arzunuzu bölüşmüşdünüz. Məhz bu söhbətin nəticəsi olaraq “Fly to Baku” sərgisi təşkil edildi. Londonda böyük uğur qazanan sərgi daha sonra Paris, Moskva və dünyanın bir sıra digər şəhərlərində nümayiş olundu. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində amerikalı rəssam Corc Kondonun əsərlərinə həsr olunmuş retrospektiv sərgi təşkil etdik. Bu möhtəşəm binada incəsənət və mədəniyyət ətrafında bir araya gəlmək xüsusi zövq verir. Mənim fikrimcə, Zaha Hadidin bu memarlıq əsəri onun ən möhtəşəm layihəsidir".