Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub
Kənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Economynews.az xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sektorun müasirləşdirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.
Məcnun Məmmədov əlavə edib ki, 2026-cı il mayın 25-də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır: “Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir. Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi zəruridir”.
Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır.
Aqrar siyasətin həyata keçirilməsində mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti dəstəklədiyini deyən Məcnun Məmmədov bildirib ki, əldə olunan nailiyyətlərdə fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.Tədbirin sonunda aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumlarının əməkdaşlarına, eləcə də “Əməkdaşların Tanınma Proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.