Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı 40-a çatıb

05/11/2026 - 14:18
Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı 40-a çatıb

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə təsis edilən Qlobal Cənub Gənclər Platformasında (GYSP) təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb.

Economynews.az xəbər verir ki, 40 ölkədən olan fəal gənclər qlobal ədalətə töhfə vermək naminə vahid şəbəkədə birləşiblər. Cari ilin may ayında fəaliyyətə başlayan bu beynəlxalq platforma sülh, həmrəylik və dekolonizasiya prinsiplərini təşviq edərək, Qlobal Cənubu təmsil edən gənclərinin beynəlxalq qərar qəbuletmə proseslərindəki rolunun gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Platforma Afrika, Asiya, Avropa, Karib hövzəsi və Sakit okean regionundan olan gəncləri, o cümlədən Yeni Kaledoniya, Fransız Polineziyası, Qvadelupa, Reyunyon, Fransız Qvianası, Boneyr və Korsika kimi ərazilərin nümayəndələrini bir araya gətirir. GYSP-nin üzvləri beynəlxalq təşkilatlar, dövlət qurumları, akademik dairələr, media, hüquq və vətəndaş cəmiyyətini təmsil edirlər. Platformanın əsas fəaliyyət istiqamətləri dekolonizasiya, insan hüquqlarının təmin edilməsi, sosial və iqtisadi bərabərsizliyə qarşı mübarizə, yerli icmaların hüquqlarına hörmət edilməsi və s. kimi aktual məsələləri əhatə edir.

Fəaliyyətə başladığı qısa müddət ərzində Platforma iki beynəlxalq tədbir təşkil edib. Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Kolonial ədalətsizlik və mənzil çatışmazlığı” mövzusunda tədbir keçirilib, kolonial irsin mənzil təminatına, torpaq münasibətlərinə və şəhərlərin inkişafına təsirləri müzakirə olunub.

2026-cı il mayın 20-də isə “Qlobal Cənub Gənclər Platforması: Urbanizasiyanın dekolonizasiyasında gənclərin rolu” adlı tədbir baş tutub. Sözügedən beynəlxalq tədbirlərdə gənclərin şəhərsalma proseslərində iştirakı, yerli icmaların hüquqlarının müdafiəsi və Platforma üzvləri arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qlobal Cənub Gənclər Platforması müxtəlif regionlardan olan gəncləri bir araya gətirməklə təcrübə mübadiləsini, birgə beynəlxalq təşəbbüslərin həyata keçirilməsini və gənclərin qlobal müzakirələrdə fəal iştirakını təşviq edir. Platforma Qlobal Cənubun səsinin beynəlxalq təşkilatlarda daha uca eşidilməsinə töhfə vermək istiqamətində səylərini davam etdirir.