Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Özbəkistan dövlət başçısı Azərbaycan xalqını və Prezident İlham Əliyevi bu əlamətdar və tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edib.
Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin hərbi-siyasi gücünün, xalqın həmrəyliyinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin parlaq təzahürüdür. Özbəkistan Prezidenti bu zəfərin regionda davamlı sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verdiyini vurğulayıb.
Təbrikdə iki ölkə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi, birgə layihələrin uğurla həyata keçirildiyi məmnunluqla ifadə olunub.
Sonda Şavkat Mirziyoyev Prezident İlham Əliyevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıb.