Əbdülhakim Eşmuratov: İmzalanan sənədlər qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruri hüquqi əsasını yaradıb

25/11/2026 - 13:59
Əbdülhakim Eşmuratov: İmzalanan sənədlər qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruri hüquqi əsasını yaradıb

Bugünkü görüş Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin fərqləndirici xüsusiyyəti olan xüsusi qarşılıqlı etimad mühitində keçirilir. Dövlət başçılarımızın siyasi iradəsi ardıcıl şəkildə konkret beynəlxalq hüquqi öhdəliklərə çevrilib, bu isə praktiki əməkdaşlıq üçün yeni imkanlar açıb.

Economynews.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının məhkəmə-hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdülhakim Eşmuratov noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ölkələrimiz arasında imzalanan sənədlər təkcə siyasi razılaşmaları təsbit etməyib, həmçinin dövlət orqanlarının sistemli qarşılıqlı fəaliyyətinin, sahələrarası əməkdaşlığın inkişafının, birgə layihələrin həyata keçirilməsinin və xalqlarımızın qarşılıqlı əlaqələrinin genişləndirilməsinin zəruri hüquqi əsasını yaradıb.

Ə.Eşmuratov qeyd edib ki, Özbəkistan və Azərbaycan dövlət başçılarının təşəbbüsləri qanunverici orqanların fəaliyyətində də ardıcıl əksini tapır. Bu orqanlar parlamentlərarası dialoqu inkişaf etdirərək strateji qərarların qanunvericilik baxımından dəstəklənməsini təmin edir, müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə töhfə verirlər.