Alişer Aqzamxocayev: Özbəkistanın Azərbaycanla əməkdaşlığı dünya bazarlarına çıxmaqda əlavə imkanlar açır
Son beş ildə qarşılıqlı ticarət dövriyyəsi üç dəfə artıb. Ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq qarşıya vəzifə olaraq qoyulub. Sənaye kooperasiyası genişlənir. Energetika, tikinti, kənd təsərrüfatı, dağ-mədən və digər sahələrdə birgə layihələr həyata keçirilir. Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Dənizə birbaşa çıxışı olmayan Özbəkistan üçün nəqliyyat-logistika sahəsində Azərbaycanla əməkdaşlıq dünya bazarlarına çıxmaqda əlavə imkanlar açır.
Economynews.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının Beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm məsələləri komitəsinin sədri Alişer Aqzamxocayev noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, dövlətlərarası razılaşmaların icrasına görə əsas məsuliyyət hökumətlərin, nazirliklərin və qurumların üzərinə düşür. Lakin parlamentlərin öz səlahiyyətləri və imkanları var: "Bu, qanunvericilik təminatı, parlament nəzarəti, regionlarla, sahibkarlarla və vətəndaşlarla bilavasitə işdir. Parlament nəzarəti formal hesabatların dinlənilməsi ilə məhdudlaşmamalıdır. Bizi konkret nəticə maraqlandırmamalıdır. Bizim vəzifəmiz icra hakimiyyətini əvəz etmək deyil, qəbul olunmuş qərarların icrasına mane olan əngəllərin aradan qaldırılmasına kömək etməkdir”.
Komitə sədri qeyd edib ki, ötən il Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığının yol xəritəsi qəbul edilib. Beləliklə, birgə iş üçün artıq zəruri təşkilati baza mövcuddur.