ZƏFƏR MƏDƏNİYYƏTİ VƏ MİLLİ DÖVLƏTÇİLİK DÜŞÜNCƏSİ: AZƏRBAYCAN TARİXİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

09/11/2026 - 19:15
Yeniləndi: 14 Gün əvvəl
ZƏFƏR MƏDƏNİYYƏTİ VƏ MİLLİ DÖVLƏTÇİLİK DÜŞÜNCƏSİ:  AZƏRBAYCAN TARİXİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Zəfər mədəniyyəti və milli dövlətçilik düşüncəsi: Azərbaycan tarixinin yeni inkişaf mərhələsi

 

Tarix yalnız baş vermiş hadisələrin xronoloji ardıcıllığı deyil. O, xalqların düşüncə tərzini, mənəvi dəyərlərini, dünyagörüşünü və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən böyük ictimai yaddaşdır. Hər bir xalqın tarixində elə hadisələr mövcuddur ki, onlar yalnız siyasi və hərbi nəticələri ilə deyil, həm də cəmiyyətin şüurunda yaratdığı dəyişikliklərlə əhəmiyyət qazanır. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər də məhz belə hadisələrdəndir. Bu Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli özünüdərk, dövlətçilik düşüncəsi və ictimai-mənəvi inkişaf baxımından yeni mərhələnin əsasını qoydu.

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bu tarixi hadisələrin mahiyyətinə yalnız hərbi-siyasi nailiyyət kimi deyil, daha geniş – sistemli kulturoloji kontekstdə yanaşmaq vacibdir. Çünki dövlətin qüdrəti təkcə iqtisadi və hərbi potensialla ölçülmür. Onun davamlı inkişafı, ilk növbədə, cəmiyyətin intellektual və mənəvi mədəniyyətindən, məsuliyyət mədəniyyətindən, milli həmrəyliyindən və ümumbəşəri dəyərlərə münasibətindən asılıdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə xalqımızın tarixi yaddaşında uzun illər boyu qorunan ədalət və azadlıq arzusunun gerçəkləşməsi idi. Bu müharibə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin vahid məqsəd ətrafında birləşmək qabiliyyətini, milli maraqların qorunması məsələsində nümayiş etdirdiyi qətiyyəti ortaya qoydu. Ordumuzun döyüş meydanında göstərdiyi peşəkarlıq, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın mənəvi dəstəyi və dövlətin siyasi iradəsi Zəfərin əsas amilləri oldu.

Lakin qazanılmış Qələbənin əsl tarixi dəyərini anlamaq üçün onun yaratdığı yeni ictimai reallıqlara da diqqət yetirmək lazımdır. Zəfər Azərbaycan xalqının özünəinamını gücləndirdi, dövlətçilik şüurunu möhkəmləndirdi və milli kimliyin daha dərindən dərk olunmasına şərait yaratdı. Bu hadisə göstərdi ki, xalqın tarixi yaddaşı, mənəvi birliyi və milli məqsədləri cəmiyyətin inkişafında mühüm hərəkətverici qüvvədir.

Kulturoloji baxımdan Zəfərin ən mühüm nəticələrindən biri milli dəyərlərin yeni ictimai məzmun qazanmasıdır. Vətənpərvərlik, vətəndaş məsuliyyəti, milli həmrəylik, fədakarlıq və tarixi irsə hörmət kimi anlayışlar mücərrəd ideyalar olmaqdan çıxaraq real həyat təcrübəsində öz təsdiqini tapdı. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin iradəsi və müharibə iştirakçılarının fədakarlığı bu dəyərlərin cəmiyyətin mənəvi həyatında nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Şəhidlik anlayışı Azərbaycan xalqının mənəvi dünyasında xüsusi yer tutur. Vətən uğrunda həyatını fəda edən insanların xatirəsi yalnız keçmişə ehtiram deyil, həm də gələcək qarşısında məsuliyyət deməkdir. Şəhidlərimizin bizə miras qoyduğu ən böyük dəyərlərdən biri azadlığın, müstəqilliyin və dövlət suverenliyinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olmasıdır. Bu borc isə yalnız hərbi xidmətlə məhdudlaşmır. Elmdə, təhsildə, iqtisadiyyatda, mədəniyyətdə və ictimai həyatda əldə olunan uğurlar da güclü dövlət quruculuğuna xidmət edir.

Bu baxımdan Zəfərdən sonrakı dövr Azərbaycan qarşısında yeni inkişaf vəzifələri müəyyənləşdirir. Torpaqlarımızın azad edilməsi tarixi məqsədin mühüm mərhələsi idi. İndi isə həmin ərazilərin sosial-mədəni və iqtisadi baxımdan dirçəldilməsi, müasir yaşayış mühitinin yaradılması, tarixi-mədəni abidələrin qorunması və doğma yurdlarına qayıdan insanların layiqli həyat şəraitinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu prosesin uğuru yalnız maddi resurslardan deyil, həm də inkişaf problemlərinə sistemli elmi yanaşmadan, peşəkarlıqdan, yüksək əmək, məsuliyyət və idarəçilik mədəniyyətindən asılıdır.

Azərbaycanın müasir inkişaf strategiyasında insan kapitalının gücləndirilməsi, elmi yanaşma, innovativ düşüncənin təşviqi və milli-mənəvi dəyərlərin qorunması bir-birini tamamlayan istiqamətlər kimi qəbul edilməlidir. Çünki müasir dünyada rəqabət qabiliyyətli dövlət olmaq üçün yalnız təbii sərvətlərə və iqtisadi imkanlara malik olmaq kifayət etmir. Əsas məqsəd – insan kapitalının nüvəsi və qüdrətli inkişafın yenidən bərpa olunan strateji milli resursu olan – yüksək mədəniyyətli azərbaycanlıların “istehsalıdır”.

Əsas məsələ - elmi əsaslarda qurulmuş, kulturogenez, icbari kulturoloji təhsil və maarif vasitəsilə, - sistemli kulturoloji təfəkkür sahibi, bilikli, yaradıcı, təşəbbüskar və məsuliyyətli vətəndaşlar yetişdirməkdir. Zəfərdən sonrakı Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri də məhz belə insan kapitalının formalaşdırılmasıdır.

9 Noyabr – Dövlət Bayrağı Günü isə bu düşüncələrin rəmzi ifadəsidir. Azərbaycan bayrağı dövlətimizin müstəqilliyini, xalqımızın tarixi köklərini, milli mənsubiyyətini və gələcəyə yönəlmiş inkişaf ideallarını özündə birləşdirir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin quruculuq ənənələri ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da qəbul edilmiş bu dövlət rəmzi xalqımızın müstəqil dövlətçilik iradəsinin ifadəsi olmuş, 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdən sonra yenidən milli dövlətçiliyimizin əsas atributlarından birinə çevrilmişdir.

Bayrağın rəngləri və üzərindəki rəmzlər sadəcə vizual elementlər deyil, bütöv bir milli ideya sistemini ifadə edir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir inkişafı və tərəqqi ideyasını, yaşıl rəng isə İslam mədəniyyətinə mənsubiyyətimizi əks etdirir. Bu üç istiqamətin bir bayraqda birləşməsi Azərbaycanın tarixi, əqli və mənəvi mədəniyyətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda səkkizguşəli ulduz – yeni həyat, işıqlı gələcəyə aparan yol rəmzidir.

Mənim fikrimcə, dövlət bayrağına münasibət cəmiyyətin vətənpərvərliyi və dövlətçilik mədəniyyətinin mühüm göstəricilərindən biridir. Bayrağa hörmət yalnız rəsmi mərasimlərdə və bayram günlərində nümayiş etdirilən ehtiramla məhdudlaşmamalıdır. Bu münasibət bizim qəlbimizdə, gündəlik vətəndaş davranışı mədəniyyətində, qanunlara hörmətdə, ictimai məsuliyyətdə, dövlət maraqlarının qorunmasında və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə yönəlmiş fəaliyyətdə özünü göstərməlidir.

Bu gün Azərbaycan bayrağının Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xüsusi tarixi məna daşıyır. Uzun illər işğal altında qalmış ərazilərimizdə dövlət suverenliyimizin bərqərar olması xalqımızın milli iradəsinin təntənəsidir. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər şəhər və yaşayış məntəqələrimizdə bayrağımızın ucaldılması tarixi yaddaşımızın bərpası, milli kimliyimizin təsdiqi və gələcəyə inamımızın ifadəsidir.

Bununla yanaşı, Zəfərin davamlı tarixi nəticəyə çevrilməsi üçün xalqımızın intellektual mədəniyyətinin qabaqlayıcı inkişafı və sülh mədəniyyətinin bərqərar olunması mühüm əhəmiyyət daşıyır. İntellektual mədəniyyətin və sistemli kulturoloji təfəkkürün formalaşdırılması xalqımızın zamanın çağırışlarına layiqli cavab verməsi üçün mütləq şərtdir. Sülh mədəniyyəti isə zəiflik deyil, böyüklüyün, yüksək siyasi düşüncənin, qarşılıqlı məsuliyyətin və gələcəyi düzgün qiymətləndirmək bacarığının göstəricisidir. Sülh mədəniyyətinin yayılması isə dövlət strategiyasında intellektual, etik, hüquqi və idarəçilik mədəniyyətinin qabaqlayıcı inkişafından çox asılıdır. Bu istiqamətdə görülən işlər humanizm, mədəni dialoq, tolerantlıq, müxtəlif mədəniyyətlərin bir-birinə yaxınlaşması və onların arasında qarşılıqlı anlaşma üçün elmi və praktiki əsaslar yaradır. Belə bir mühitdə müharibədən sonrakı dövrdə regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf maraqlarına uyğundur.

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Multikulturalizm və tolerantlıq ənənələrimiz ölkəmizin beynəlxalq mədəni nüfuzunun mühüm elementlərindəndir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi Zəfərdən sonrakı dövrdə də xüsusi aktuallıq kəsb edir. Çünki güclü dövlət yalnız öz milli maraqlarını müdafiə edən deyil, eyni zamanda dayanıqlı, rəqabətədavamlı, təhlükəsiz inkişafı təmin edən, ümumbəşəri dəyərlərə töhfə verən dövlətdir.

Xüsusilə gənc nəslin milli-mənəvi tərbiyəsi, tarixi yaddaşının zənginləşdirilməsi və intellektual potensialının inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Gənclərimiz Zəfər tarixini yalnız keçmişin qəhrəmanlıq salnaməsi kimi deyil, həm də gələcək fəaliyyətləri üçün məsuliyyət və vəzifə nümunəsi kimi qəbul etməlidirlər. Onlar bilməlidirlər ki, müasir Azərbaycanın gücü - birinci növbədə, elmin, təhsilin, maarifin, texnologiyaların, mənəviyyatın, əmək və yüksək idarəçilik mədəniyyətinin aparıcı inkişafından asılıdır.

Bu istiqamətdə ziyalıların, elm və təhsil müəssisələrinin, mədəniyyət təşkilatlarının, ictimai birliklərin və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifələr düşür. Səriştəli, peşəkar kadrların hazırlanması, mənəvi irsin qorunması, tarixi həqiqətlərin təbliği, milli-ictimai dialoqun genişləndirilməsi və gənclərdə vətəndaş məsuliyyətinin formalaşdırılması davamlı fəaliyyət tələb edir. QHT sektorunun əsas missiyalarından biri də dövlət və cəmiyyət arasında səmərəli əməkdaşlığa töhfə vermək, ictimai təşəbbüsləri dəstəkləmək və milli inkişaf məqsədlərinə xidmət edən maarifləndirici fəaliyyət göstərməkdir.

Çox hörmətli Prezidentimiz tərəfindən imzalanmış, “Azərbaycan mədəniyyəti - 2040” konsepsiyasına uyğun olaraq, biliyi, bacarığı, mütəşəkkilliyi, mənəviyyatı və yaradıcı fəaliyyəti olan, yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının formalaşdırılması və inkişafı - zamanın ən vacib çağırışıdır.

Əminəm ki, Azərbaycanın gələcək uğurları milli Zəfərimizin yaratdığı mənəvi potensialın elmi bilik, yüksək mədəniyyət, sistemli kulturoloji təfəkkür və səmərəli idarəçilik mədəniyyəti ilə birləşdirilməsindən asılı olacaqdır. Biz tarixi Qələbəmizlə fəxr etməklə yanaşı, bu Qələbənin məsuliyyətini də daşımalıyıq. Hər birimiz öz fəaliyyət sahəmizdə ölkəmizin tərəqqisinə, milli birliyimizin möhkəmlənməsinə və dövlətçiliyimizin inkişafına töhfə verməliyik.

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixi yaddaşında yalnız təqvim bayramları kimi deyil, milli özünüdərkin, azadlıq iradəsinin və dövlətçilik mədəniyyətinin təcəssümü kimi yaşayacaqdır. Bu günlərin mənəvi mahiyyətini dərk etmək, onların daşıdığı ideyaları gələcək nəsillərə ötürmək hər bir ziyalının, alimin, müəllimin və vətəndaşın borcudur.

Zəfərimiz əbədi, müstəqilliyimiz dönməz, üçrəngli bayrağımız daim uca olsun!

 

Fuad Məmmədov

Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri