QALİB XALQIN QÜRURU, MÜSTƏQİL DÖVLƏTİN RƏMZİ
Qalib xalqın qüruru, müstəqil dövlətin rəmzi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası yalnız bir tarixi hadisə ilə məhdudlaşmır. Bu günlər xalqın iradəsini, milli ruhunu, dövlətçilik əzmini və gələcəyə inamını təcəssüm etdirir. 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu iki gün müasir Azərbaycan tarixinin ən qürurverici səhifələrini, xalqımızın birliyini və müstəqilliyimizin sarsılmazlığını özündə əks etdirir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir tarixi mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm nailiyyətlər qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə hərbi əməliyyatların gedişində həlledici dönüş nöqtəsinə çevrildi. Bu tarixi hadisə Azərbaycanın Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı.
Şuşa Zəfəri təkcə hərbi qələbə deyil, həm də xalqımızın milli ruhunun, tarixi yaddaşının və sarsılmaz iradəsinin təntənəsi idi. Bu qələbənin arxasında Azərbaycan əsgərinin cəsarəti, zabitlərimizin peşəkarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti dayanırdı. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. Onların qəhrəmanlığı qarşısında hər birimiz borcluyuq.
9 Noyabr – Dövlət Bayrağı Günü isə müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımıza ehtiramımızı ifadə edir. Mavi, qırmızı və yaşıl rənglərdə əks olunan milli ideallarımız xalqımızın tarixi keçmişini, müasir inkişaf yolunu və gələcəyə baxışını özündə birləşdirir. Üçrəngli bayrağımızın hər bir vətəndaş üçün xüsusi mənəvi dəyəri var. O, Azərbaycan dövlətçiliyinin, milli birliyimizin və azad yaşamaq iradəmizin təcəssümüdür.
Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Şuşada və digər tarixi torpaqlarımızda dalğalanması böyük qürur və sevinc doğurur. Zəfərdən sonra həyata keçirilən bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq prosesi tarixi torpaqlarımızda həyatın yenidən canlanmasına xidmət edir.
Milli Məclisin deputatı kimi hesab edirəm ki, Zəfər tariximizin gələcək nəsillərə düzgün çatdırılması, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və dövlət rəmzlərimizə hörmətin aşılanması hər birimizin mühüm vəzifəsidir. Çünki Vətən sevgisi yalnız tarixi qələbələrlə qürur duymaq deyil, həm də ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli dəyərlərimizin qorunması naminə məsuliyyət daşımaqdır.
8 və 9 Noyabr tarixləri bizə bir daha xatırladır ki, birlik nümayiş etdirən, öz dövlətinə və ordusuna güvənən xalq qarşısına qoyduğu ən böyük məqsədlərə nail ola bilər. Zəfərimiz milli qürurumuz, bayrağımız isə müstəqilliyimizin əbədi rəmzidir.
Bu əlamətdar günlər münasibətilə bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Qoy üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın, dövlətimizin müstəqilliyi və suverenliyi əbədi olsun!
Zəfər Günümüz və Dövlət Bayrağı Günümüz mübarək!
Eyvaz Qurbanov
Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı