12 Noyabr - Tarixin içindən gələn yaddaş
12 Noyabr – Tarixin içindən gələn yaddaş
Bəzi tarixlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan günlər deyil. Onlar bir xalqın taleyində dönüş nöqtəsinə çevrilir, yaddaşına həkk olunur, gələcəyini müəyyənləşdirir. 12 Noyabr mənim üçün məhz belə tarixlərdəndir. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür. Ana Qanunumuzun qəbul olunduğu bu əlamətdar günə mən yalnız bir vətəndaş kimi deyil, həm də həmin tarixi proseslərin canlı şahidi və iştirakçısı kimi yanaşıram.
Mənim şüurlu həyatım Azərbaycanın müstəqilliyə doğru addımladığı illərə təsadüf edib. 1988-ci ildə 9-cu sinifdə oxuyurdum. O vaxtdan etibarən ölkəmizdə baş verən hadisələrin içərisində oldum. Müstəqillik arzusu qəlbimdə o qədər böyük idi ki, bu arzu, demək olar, bütün düşüncələrimə hakim kəsilmişdi. Azad, müstəqil, öz taleyini özü müəyyən edən Azərbaycan görmək istəyirdim. Bu, mənim nəslimin ən böyük arzusu idi.
1991-ci ildə tələbəlik həyatım başladı. Bakıda idim. Hər gün yeni bir hadisə, yeni bir xəbər, yeni bir tarixi dəyişikliklə qarşılaşırdıq. Azərbaycan inanılmaz sürətlə dəyişirdi. Bir tərəfdən müstəqilliyə qovuşmağın sevinci, digər tərəfdən müharibənin ağrıları, torpaq itkiləri, faciələr, şəhid xəbərləri... Tarix bizim nəslə həm qürurlu, həm də son dərəcə ağır günlər yaşatdı. Qarabağ əldən gedirdi, ölkə ciddi siyasi və hərbi sınaqlarla üz-üzə qalmışdı. Müstəqilliyi qazanmaq qədər onu qorumağın da nə qədər çətin olduğunu həmin illərdə bütün ağrıları ilə dərk etdik.
O illərə bu günün düşüncəsi ilə nəzər salanda bir həqiqət xüsusilə aydın görünür: Azərbaycanın taleyində Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi dönüş nöqtəsi oldu. O zamanlar ürəyimdən keçən bir fikir vardı: kaş Heydər Əliyev daha tez gələydi, kaş ölkəmiz bu qədər ağır itkilərlə üzləşməyəydi. Onun siyasi təcrübəsi, dövlətçilik düşüncəsi və qətiyyəti Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xilasedici rol oynadı. Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, ölkədə sabitliyin bərqərar olması məhz Heydər Əliyevin adı ilə bağlı olan tarixi mərhələdir.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, müasir Azərbaycanın siyasi və hüquqi əsaslarının formalaşmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyət idi. Onun uzaqgörən siyasəti dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu baxımdan, Konstitusiyanın hazırlanması və qəbul edilməsi də müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində mühüm mərhələ idi.
12 noyabr 1995-ci il... Bu tarixi prosesin yalnız nəticəsini deyil, müzakirələrini də yaxından görmək imkanım olub. Xüsusilə Konstitusiyanın dövlət dili ilə bağlı maddəsinin müzakirəsi bu gün də yaddaşımdadır. Elmlər Akademiyasında alimlərin iştirakı ilə keçirilən həmin müzakirələrdə mən də iştirak edirdim. Çox yüksək intellektual səviyyədə, ciddi elmi və siyasi yanaşmalar əsasında fikir mübadiləsi aparılırdı. Hər kəs üçün aydın idi ki, söhbət sadəcə bir maddədən getmir. Söhbət milli kimliyimizdən, dövlətçilik ənənələrimizdən, dilimizin statusundan və gələcək nəsillərə ötürəcəyimiz hüquqi irsdən gedirdi.
Həmin müzakirələr mənə bir daha göstərdi ki, dövlət quruculuğu böyük məsuliyyət, dərin düşüncə və ortaq iradə tələb edir. Konstitusiyanın hazırlanması və ümumxalq səsverməsinə – referenduma çıxarılması müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm addım idi. Xalqın iradəsi ilə qəbul edilən Ana Qanunumuz dövlətimizin hüquqi təməlini formalaşdırdı.
İllər keçdikcə Konstitusiyanın əhəmiyyətini daha dərindən anlayırıq. Çünki Konstitusiya yalnız dövlətin idarəçilik prinsiplərini müəyyən edən hüquqi sənəd deyil. O, dövlətin müstəqilliyinin, suverenliyinin, insan hüquq və azadlıqlarının, milli iradənin hüquqi ifadəsidir. Bir xalqın öz gələcəyini hansı prinsiplər üzərində qurmaq istədiyinin göstəricisidir.
Bu gün geriyə baxanda anlayıram ki, biz sadəcə tarixi hadisələri müşahidə etməmişik, o tarixin bir parçası olmuşuq. 1988-ci ildən başlayan müstəqillik arzusu, 1991-ci ildə yaşadığımız böyük sevinc və həyəcan, sonrakı ağır sınaqlar, dövlətçiliyimizin bərpası və möhkəmlənməsi, nəhayət, Ana Qanunumuzun qəbul edilməsi – bütün bunlar mənim həyatımın və yaddaşımın ayrılmaz hissəsidir.
12 Noyabr mənim üçün həm də şəxsi yaddaş günüdür. Çünki bu tarix mənə müstəqillik uğrunda mübarizə aparan gənclik illərimi, Bakının küçələrində yaşanan həyəcanı, ölkəmizin taleyi ilə bağlı keçirdiyimiz narahatlıqları və gələcəyə olan böyük ümidlərimizi xatırladır.
Tarix yalnız kitablarda yazılan hadisələrdən ibarət deyil. Tarix həm də onu yaşayanların yaddaşında, şahidlərin xatirələrində yaşayır. Mən o günlərin şahidi olmuşam, proseslərin içərisində yer almışam. Bu gün həmin illəri xatırlamaq mənim üçün həm qürur, həm də böyük məsuliyyətdir.
12 Noyabr – müstəqil Azərbaycanın hüquqi təməlinin qoyulduğu, dövlətçilik tariximizin qızıl səhifələrindən birinə çevrilmiş gündür. Ana Qanunumuzun qəbulundan keçən illər bir daha göstərir ki, dövlətin gücü möhkəm hüquqi əsaslara, milli iradəyə və gələcəyə hesablanmış dövlətçilik düşüncəsinə söykənir.
Ana Qanunumuzun günü mübarək, Azərbaycan!
Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı