Otuz dörd illik yol: Müstəqil dövlətçiliyin möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının yeri
Hər bir siyasi təşkilatın tarixi onun ideoloji əsaslarının möhkəmliyi və dövlətin taleyüklü məqamlarında ortaya qoyduğu iradə ilə ölçülür. Yeni Azərbaycan Partiyasının yaranmasından ötən otuz dörd il Azərbaycanın müstəqillik tarixinin ən çətin sınaqlarından başlayaraq misilsiz nailiyyətlərinə qədər uzanan bütöv bir inkişaf yolunu əhatə edir. 1990-cı illərin əvvəllərində ölkədə dərin siyasi-iqtisadi böhranın yaşandığı, müstəqilliyin taleyinin sual altında qaldığı bir vaxtda Ulu Öndər Heydər Əliyevin liderliyi ilə yaradılan partiya qısa müddətdə cəmiyyətin ümid mərkəzinə və aparıcı siyasi qüvvəsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində ölkədə sabitlik bərpa olundu, dövlətçiliyin hüquqi və institusional əsasları quruldu, "Əsrin müqaviləsi" ilə başlayan neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratdı. Məhz bu siyasi xətt cəmiyyətdə milli həmrəyliyin formalaşmasına, vətəndaş-dövlət etimadının möhkəmlənməsinə və ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına yol açdı.
Bu strateji kursu yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü iqtisadiyyata, müasir orduya və müstəqil xarici siyasətə malik dövlətə çevrildi. İqtisadi şaxələndirmə, infrastruktur layihələri, sosial rifah proqramları və regional kommunikasiyaların genişləndirilməsi ölkənin dayanıqlı inkişafını təmin etdi. Bu siyasi iradənin ən ali zirvəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanması oldu.
Otuz dörd illik fəaliyyəti ərzində Yeni Azərbaycan Partiyası həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək kadr potensialının formalaşmasına, gənclərin və qadınların ictimai-siyasi proseslərə cəlb olunmasına, vətəndaş cəmiyyəti ilə səmərəli dialoqun qurulmasına mühüm töhfələr verib. Seçki kampaniyalarından maarifləndirmə təşəbbüslərinə, sosial layihələrdən yerli təşkilatların fəaliyyətinə qədər geniş spektri əhatə edən bu işlər partiyanın cəmiyyətin bütün təbəqələri ilə sıx əlaqəsini qoruyub saxlamasına imkan yaradıb.
Bu gün Yeni Azərbaycan Partiyası öz otuz dördüncü ildönümünü həm Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə sədaqət, həm də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni strateji hədəflər işığında qarşılayır. Keçilmiş yol göstərir ki, ardıcıl dövlətçilik siyasəti, milli birlik və məqsədyönlü fəaliyyət ölkənin gələcək tərəqqisinin əsas dayağıdır.
Yazıçı Jurnalist Könül Asifqızı