Kestutis Budris: Mənə Azərbaycana səfər edərək konkret nəticələrə nail olmaq tapşırılıb
Bu gün mənə Azərbaycana səfər edərək konkret nəticələrə nail olmaq tapşırılıb. Bu istiqamətdə üzərində işləməli olduğumuz çoxsaylı məsələlər və təşəbbüslər var.
Economynews.az xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Xarici İşlər Nazirliyi olaraq biz də bu istiqamətdə xalqlarımız arasında təmasların genişləndirilməsi üzərində çalışırıq. Azərbaycandan Litvaya təhsil almağa gələn tələbələrimizin olmasından qürur duyuruq. Eyni zamanda, biznes dairələri arasında əlaqələrin inkişafını təşviq edirik.
Sabah iqtisadiyyat nazirinin də iştirakı ilə hər iki ölkənin biznes nümayəndələri ilə görüşümüz olacaq. Bu görüşdə öz sahələri üzrə xüsusi bilik və məhsullar təklif edən, eləcə də investisiya imkanları axtaran biznes dairələri iştirak edəcəklər.
Bu istiqamətdə artıq müəyyən nəticələrin əldə olunmasından məmnunuq. Belə ki, Litvanın Azərbaycanda investisiya yatıran və regiondakı imkanları araşdıran şirkətləri var”, - deyə litvalı nazir qeyd edib.