UNEC-də tədqiqatçılara elmi araşdırmalarda süni intellekt alətlərinin tətbiqi öyrədilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Elmi fəaliyyətin təşkilində süni intellekt” mövzusunda təlim keçirilib. Beş moduldan ibarət 10 saatlıq proqramı UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva aparıb.
UNEC-dən bildirilib ki, professor-müəllim heyəti və tədqiqatçılar üçün təşkil olunan təlimdə süni intellektin elmi fəaliyyətin müxtəlif mərhələlərində tətbiqi praktik nümunələrlə izah edilib. İştirakçılara “Scopus AI”, “Web of Science Research Assistant”, “Elicit”, “ResearchRabbit”, “Scite AI”, “Consensus”, “SciSpace”, “Connected Papers”, “Litmaps”, “Semantic Scholar”, “ChatGPT”, “Gemini”, “NotebookLM”, “Deep Research” və digər innovativ alətlərin imkanları təqdim olunub.
Təlim zamanı aktual və yeni formalaşan elmi istiqamətlərin (emerging topics) müəyyənləşdirilməsi, elmi ədəbiyyatın sistemləşdirilməsi, tədqiqat boşluqlarının aşkarlanması, elmi arqumentlərin əsaslandırılması və süni intellektə düzgün sorğuların (promptların) hazırlanması öyrədilib. Həmçinin elmi məqalələrin strukturlaşdırılması, uyğun jurnalların seçilməsi, istinadların etibarlılığının yoxlanılması, akademik dürüstlük, məlumatların məxfiliyi, süni intellektin yaratdığı risklər və nəşr etikası məsələləri müzakirə olunub. Hər modul praktik tapşırıqlarla müşayiət edilib.
Təlimin əsas məqsədi tədqiqatçıların rəqəmsal bacarıqlarını inkişaf etdirmək, elmi araşdırmaların keyfiyyətini yüksəltmək və süni intellekt alətlərindən məsuliyyətli, şəffaf və səmərəli istifadəni təşviq etmək olub.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.