Nazir müavini: Sosial xərclərin artımı və DOST konsepsiyası vətəndaş məmnunluğuna xidmət edir
2027-ci ilin dövlət büdcəsində sosial xərclər 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclərin isə 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulur.
Economynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev “DOST to DOST” layihəsi çərçivəsində “Əməyin mühafizəsi üzrə təcrübə əsaslı təlim proqramı”nın başa çatması münasibətilə keçirilən bağlanış mərasimində bildirib.
Nazir müavini qeyd edib ki, bütün bu göstəricilər ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində insan amilinin dayandığını, vətəndaşlarımızın sosial rifahının davamlı olaraq diqqətdə saxlanıldığını bir daha təsdiqləyir. "Bununla yanaşı, dövlət sosial xidmətlərinin müasir tələblərə uyğun təşkili və vətəndaş məmnunluğunun yüksəlməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST konsepsiyası ölkəmizdə sosial xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin mühüm nümunəsidir", - deyə o qeyd edib.