FHN-dən güclü külək xəbərdarlığı: Əhaliyə ciddi çağırış
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
Economynews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 27-si və 28-də ölkə ərazisində güclü küləyin əsəcəyi proqnozlaşdırılır. Yaranan təhlükələrlə əlaqədar FHN vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını xatırladıb:
Çimərliklərdə ehtiyatlı olun: Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğu nəzərə alınaraq, küləkli havada dənizə girməyin çox təhlükəli olduğu vurğulanıb. Kiçikhəcmli gəmi istifadəçiləri də belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Yanğın təhlükəsizliyi: Havaların isti və quru keçdiyi bu günlərdə güclü külək yanğınların söndürülməsində ciddi çətinliklər yaradır. Buna görə də küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi ciddi riayət edilməlidir.
Tikili və obyektlərdən uzaq durun: Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, eləcə də elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmamaq tövsiyə olunub.
"Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə nazirliyin müraciətində vurğulanıb.