ƏƏSMN nümayəndə heyəti Türkiyədə
ƏƏSMN nümayəndə heyəti Türkiyədə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumlarının kommunikasiya üzrə struktur bölmələrinin nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdə olub.səfər əmək, məşğulluq, sosial müdafiə sahəsində kommunikasiya və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı qardaş ölkənin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
Nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri və Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanlığı) Media və yayım şöbəsinin müdiri Dr. Zeynep Zelan, Strateji kommunikasiya və böhranların idarə edilməsi şöbəsinin müdiri Kasım İleri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Durmuş Ersoy, korporativ kommunikasiya koordinatoru Sümeyra Değirmenci ilə görüşü olub.
Görüşdə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik səviyyəsində olan münasibətlərin əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlığa imkan yaratdığı vurğulanıb. Bu səfərlə artıq yeni bir istiqamətdə - əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə əməkdaşlığa başlandığı qeyd edilib.
Müasir dövrdə kommunikasiyanın ictimai etimadın formalaşdırılmasında, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və ictimai etimadın yaradılmasında mühüm rolu, bu sahədə təcrübələrin paylaşılmasının qarşılıqlı faydalı olduğu vurğulanıb. Departamentin fəaliyyəti, tətbiq etdiyi yeni innovativ alətlər (DES, CİMER), korporativ rəqəmsal sistemləri barədə məlumat verilib.