Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib - Rəsmi Təfərrüatlar

07/08/2026 - 14:12
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib - Rəsmi Təfərrüatlar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərdə olduğu Ukraynada bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunub.  

​Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də siyasi dialoq, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.  

​Nazir Ceyhun Bayramov qarşılıqlı səfərlərin və yüksək səviyyəli dialoqun ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Söhbət zamanı Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.  

​Prezident Volodimir Zelenski ölkəsinə göstərilən humanitar dəstəyə və həmrəyliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. XİN başçısı isə öz növbəsində Ukrayna dövlət başçısını Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb.