Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır
Hesablama Palatası Azərbaycanın regionlarında yolların təmirinə tender yekunlaşmamış başlanıldığını üzə çıxarıb.
Bu barədə Palatanın məlumatında bildirilib.
Məlumata görə, qurumun 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024–2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayon icra hakimiyyətləri, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhər icra hakimiyyətləri) yolların əsaslı təmirinə ayrılmış vəsaitin idarə edilməsinin analitik təhlili aparılıb.
Analitik fəaliyyət çərçivəsində yerli icra hakimiyyəti orqanlarında yolların əsaslı təmirinə xərc edilmiş vəsait yalnız sənədli təhlillə (nəzarət ölçü aparılmayıb) əhatə olunub, sübutlar qiymətləndirilərkən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi ilkin sənəd və məlumatlar təhlil olunaraq nəzərə alınıb.
Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:
Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmayıb, qüsur aktları əsasən vizual baxışla tərtib edilib. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırıb.
Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, meyllilik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.
Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməyib yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-meylliliklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.
Layihə-smeta sənədlərinin hazırlanmasına əsas olan qüsur aktlarının satınalma prosedurundan sonrakı tarixlərdə tərtib edilməsi obyekt üzrə iş həcmlərinin və ehtimal olunan qiymətin lazımi əsaslandırma aparılmadan formalaşdırıldığını göstərir. 6 yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmiş 6 milyon 291 min 236 manat məbləğdə təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1-2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair qəbul aktlarının rəsmiləşdirilməsi bu işlərə satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir. Bütün bu nöqsanlar dövlət satınalmalarında rəqabətlilik, şəffaflıq və vəsaitlərdən qənaətlə istifadə prinsiplərinə riayət olunmadığını və proseslərin əsasən formal xarakter daşıdığını göstərir.