Süni intellekt infrastrukturu şirkətləri 4,2 trilyon dollar bazar dəyəri itirib.

16/11/2026 - 16:08
Süni intellekt infrastrukturu şirkətləri 4,2 trilyon dollar bazar dəyəri itirib.

Süni intellekt üçün məlumat mərkəzlərinin tikintisində iştirak edən sənaye, energetika və mədən şirkətləri iyun ayından bəri 4,2 trilyon dollar bazar dəyəri itiriblər. “Financial Times” yazır ki, investorlar süni intellekt infrastrukturuna yatırılan nəhəng sərmayələrin özünü doğruldacağına şübhə etməyə başlayıblar.

FactSet analitik şirkətinin hesablamalarına istinad edən “Financial Times”ın məlumatına görə, kapitallaşmanın azalması məlumat mərkəzlərinin tikintisini təmin edən onlarla şirkətə təsir edib. Bunların arasında generator və fiber-optik kabel istehsalçılarından soyutma sistemləri təchizatçılarınadək müxtəlif şirkətlər var.Ən böyük itkini tikinti texnikası və qaz generatorları istehsalçısı Caterpillar verib. Şirkətin kapitallaşması tarixi maksimumdan 44 faiz azalaraq 214 milyard dollar geriləyib.

Nüvə reaktorları təchizatçısı Oklo da dəyərinin təxminən yarısını itirib. Şirkətin səhmləri 49 faiz ucuzlaşıb. Oklo yanvar ayında Meta korporasiyası ilə məlumat mərkəzləri üçün avadanlıq tədarükünə dair müqavilə bağlamışdı. Meta Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib.

Havalandırma və kondisioner sistemləri istehsalçısı Comfort Systems və fiber-optik məhsullar hazırlayan Corning də kapitallaşmalarının təxminən yarısını itiriblər.

Geriləmə bu şirkətlərin süni intellekt ətrafındakı yüksək maraq fonunda əvvəlki il əldə etdikləri artımın təxminən yarısını silib. Həmin dövrdə onların ümumi bazar kapitallaşması 9,4 trilyon dollar yüksəlmişdi.

Vençur investoru və Massaçusets Texnologiya İnstitutunun elmi əməkdaşı Pol Kedroski bazarın ənənəvi sənaye şirkətlərinə tamhüquqlu süni intellekt şirkətləri kimi yanaşmasını səhv adlandırıb. Onun fikrincə, bu müəssisələrin həddindən artıq qiymətləndirilməsi onların bazar dəyərinin kəskin azalmasına səbəb olub.

Noyabrın 3-də ABŞ-də keçirilmiş aralıq seçkilərdə demokratların qələbəsindən sonra investorların narahatlığı daha da artıb. Konqresin yeni tərkibi və bəzi ştatların qubernatorları yeni məlumat mərkəzlərinin tikintisini ləngidə bilərlər. Bu isə süni intellekt infrastrukturunun inkişafını birbaşa təhdid edir.

Seçkilərdən sonrakı gün, noyabrın 4-də Dow Jones indeksi 3 faiz yüksələrək apreldən bəri ən yaxşı ticarət sessiyasını keçirib. Lakin noyabrın 5-də səhmlərin ucuzlaşması Asiyada başlayaraq ABŞ bazarına yayılıb. Nasdaq 100 indeksinin kapitallaşması 2,3 trilyon dollar, S&P 500 indeksinin bazar dəyəri isə 2,8 trilyon dollar azalıb. S&P 500 həmin gün 4,36 faiz geriləyib. Nasdaq Composite 5,52 faiz ucuzlaşaraq korreksiya zonasına daxil olub, Dow Jones isə 3,4 faiz itirib.

Satış dalğası Asiya bazarlarına da təsir göstərib. Cənubi Koreyanın Kospi indeksi 5,28 faiz geriləyib. İndeksin kapitallaşmasının təxminən yarısını təşkil edən çip istehsalçıları SK hynix və Samsung Electronics-in səhmləri isə müvafiq olaraq 9,46 faiz və 7,57 faiz ucuzlaşıb.