DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır
Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.
Bu barədə DİM-dən bildirilib. İstifadəçilər DİM-in elektron xidmətlərinə və “Şəxsi kabinet”lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər. Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və s. təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.