Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub
Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub
BMT-nin Nyu-York şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda (HLPF 2026) Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə təcrübəsi təqdim edilib.
Forumun birinci həftəsi çərçivəsində DİM-lərin həyata keçirilməsindəki qlobal çağırışlar, əldə olunan irəliləyişlər və məqsədlərə çatmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mühüm məsələlər müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iştirak edib. H.Hüseynov çıxışında Azərbaycanda DİM-lərin milli inkişaf prioritetləri ilə inteqrasiyası və lokallaşdırılması prosesləri barədə ətraflı məlumat verib. O, dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri və ölkəmizin bu sahədə qazandığı təcrübəni diqqətə çatdırıb.
Forum çərçivəsində 2027-ci ildə Könüllü Milli Hesabatı (VNR) təqdim edəcək ölkələrin iştirakı ilə dəyirmi masa keçirilib. Həmçinin, DİM-lərin icrasında maraqlı tərəflərin iştirakına həsr olunan xüsusi sessiyada qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin və yeni əməkdaşlıq formatlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, Hüseyn Hüseynov Afrika ölkələri, İnkişafda Olan Kiçik Ada Dövlətləri və orta gəlirli ölkələrdə DİM-lərin icrası zamanı qarşıya çıxan çağırışlara həsr olunmuş tematik sessiyada Azərbaycanın müvafiq sahədəki uğurlu təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşüb.