“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq”
“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq”
“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq”
Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend, APA agentlikləri və Xəzər TV-yə birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və onun ətrafında, üçdə biri isə Bakının kənarında yerləşən ali təhsil müəssisələrində təhsil alır.
O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:
"Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.
İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir".
Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:
"Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər.
Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Eyni zamanda, təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır.
Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq.
Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir".