Zəfər tariximiz - milli qürurumuzun, dövlət qüdrətimizin və sarsılmaz birliyimizin təntənəsi

08/11/2026 - 10:04
Yeniləndi: 13 Gün əvvəl
Zəfər tariximiz - milli qürurumuzun, dövlət qüdrətimizin və sarsılmaz birliyimizin təntənəsi

Zəfər tariximiz - milli qürurumuzun, dövlət qüdrətimizin və sarsılmaz birliyimizin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində qızıl hərflərlə yazılmış, milli qürurumuzun, dövlətçilik iradəmizin və sarsılmaz birliyimizin təntənəsinə çevrilmiş möhtəşəm bir tarixdir. Bu gün sadəcə hərbi Qələbənin ildönümü deyil, həm də illərlə qəlbimizdə yaşatdığımız Vətən həsrətinin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu, Azərbaycan xalqının öz gücünü, əzmini və yenilməzliyini bütün dünyaya nümayiş etdirdiyi şərəf günüdür. Zəfərimiz xalqımızın milli yaddaşına əbədi həkk olunmuş, gələcək nəsillərə qürurla ötürüləcək böyük tarixi mirasdır.

Bu möhtəşəm Qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Dövlət başçımızın uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin möhkəmlənməsini təmin etdi. Ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, iqtisadi potensialının gücləndirilməsi, müasir ordu quruculuğu, müdafiə sənayesinin inkişafı və milli maraqlarımızın beynəlxalq müstəvidə qətiyyətlə müdafiə olunması gələcək Zəfərin əsasını formalaşdırdı. Prezident İlham Əliyev sübut etdi ki, güclü dövlətçilik, düzgün strategiya, siyasi iradə və xalqın dəstəyi bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələri belə reallaşdırmaq mümkündür.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, Ordumuzun döyüş qüdrətinin və dövlətimizin qətiyyətinin sınağa çəkildiyi tarixi mərhələ oldu. 44 gün davam edən müharibə ərzində Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın azadlığı uğrunda əzmlə mübarizə apardı və hər qarış Vətən torpağı uğrunda böyük fədakarlıqlar göstərdi. Xüsusilə Şuşanın azad edilməsi əməliyyatı hərb tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Sıldırım qayaları, çətin dağ yollarını aşaraq, misilsiz cəsarət nümayiş etdirən Azərbaycan əsgəri bütün dünyaya özünün döyüş ruhunu və Vətən sevgisini göstərdi. Şuşanın azad olunması ilə Azərbaycan xalqının mənəvi paytaxtı öz azadlığına qovuşdu, Zəfərimizin taleyi isə tarixi istiqamətdə həll olundu. Məhz 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyevin Şuşanın azad edilməsi barədə xalqımıza müraciəti milli tariximizin ən unudulmaz anlarından birinə çevrildi.

Bu Qələbənin arxasında təkcə hərbi güc deyil, həm də xalqımızın sarsılmaz həmrəyliyi, milli birliyi və Vətən sevgisi dayanırdı. Müharibənin ilk günlərindən etibarən bütün Azərbaycan xalqı Prezidentinin və Ordusunun ətrafında sıx birləşdi. Cəbhədə əsgərimiz döyüşdüyü halda, arxa cəbhədə hər bir vətəndaş öz imkanları daxilində bu mübarizəyə dəstək verirdi. Azərbaycan qadınları, analarımız, gənclərimiz, ziyalılarımız, sahibkarlarımız və xaricdə yaşayan soydaşlarımız vahid amal ətrafında birləşərək dövlətimizin haqlı mövqeyini müdafiə etdilər. Bu birlik bir daha göstərdi ki, Azərbaycan xalqı öz milli maraqları, torpaqları və dövlətçiliyi naminə hər zaman bir yumruq kimi birləşməyi bacarır.

Zəfər Gününün sevincini yaşayarkən qəlbimizdə dərin hüzn və sonsuz ehtiram hissi də daşıyırıq. Çünki bu tarixi Qələbə minlərlə Vətən övladının canı, qanı və müqəddəs fədakarlığı hesabına qazanılıb. Şəhidlərimiz xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü və dövlətimizin gələcəyi naminə ən qiymətli nemətləri olan canlarından keçərək əbədiyyətə qovuşublar. Onların hər biri Azərbaycanın qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ailələrinə, valideynlərinə və övladlarına dərin ehtiramımızı bildiririk. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin bizə əmanət etdiyi müqəddəs dəyərdir. Biz bu torpaqlarda qurub-yaratdıqca, ölkəmizin inkişafına töhfə verdikcə, şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmiş oluruq.

Qazilərimiz də Zəfər tariximizin canlı qəhrəmanlarıdır. Onlar döyüş meydanında göstərdikləri igidliklə yanaşı, müharibədən sonrakı həyatlarında nümayiş etdirdikləri dözüm, iradə və mübarizliklə hər birimizə örnəkdirlər. Dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı sosial siyasətin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirləri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar təşəbbüslərini xüsusi minnətdarlıqla qeyd etmək istəyirəm. Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi, qazilərin reabilitasiyası, məşğulluğunun təmin olunması və onların cəmiyyətə inteqrasiyası hər birimizin mənəvi məsuliyyətidir. Onlara göstərilən qayğı yalnız sosial dəstək deyil, həm də Vətən qarşısında xidmətlərinə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin iqtisadi gücünün, siyasi iradəsinin və gələcəyə inamının bariz göstəricisidir. Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, müasir yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və istehsal müəssisələri yaradılır. Doğma yurdlarına qayıdan insanların öz torpaqlarında təhlükəsiz, rahat və firavan yaşaması üçün geniş imkanlar formalaşdırılır. Qarabağın dirçəlişi yalnız infrastrukturun bərpası deyil, həm də iqtisadi həyatın canlanması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və milli iqtisadiyyatımızın yeni imkanlar əldə etməsi deməkdir.

Azərbaycan Respublikasında Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq hesab edirik ki, qalib Azərbaycanın gələcək inkişafında qadınların iqtisadi fəallığının artırılması və sahibkarlıq potensialının reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını tarix boyu ailənin, cəmiyyətin və dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayıb. Vətən müharibəsi dövründə qadınlarımızın nümayiş etdirdiyi vətənpərvərlik, fədakarlıq və mənəvi güc bu həqiqəti bir daha təsdiqlədi. Bu gün isə qadınlarımız öz bilikləri, təşəbbüsləri və sahibkarlıq bacarıqları ilə ölkəmizin iqtisadi inkişafına daha böyük töhfələr vermək imkanına malikdirlər. Xüsusilə azad edilmiş ərazilərdə qadın sahibkarlığının inkişafı, kiçik və orta biznesin təşviqi, kənd təsərrüfatı, emal sənayesi, turizm, xidmət və ailə biznesi sahələrində yeni təşəbbüslərin reallaşdırılması həm məşğulluğun artırılmasına, həm də regionların iqtisadi potensialının gücləndirilməsinə xidmət edə bilər. Biz inanırıq ki, iqtisadi cəhətdən güclü, təşəbbüskar və fəal qadınlar qalib Azərbaycanın quruculuq prosesində mühüm rol oynayacaqlar.

Bu gün hər birimizin qarşısında duran əsas vəzifə Zəfərin yaratdığı tarixi imkanları ölkəmizin davamlı inkişafına çevirmək, dövlətimizin iqtisadi qüdrətini daha da artırmaq, milli həmrəyliyimizi qorumaq və gələcək nəsillərə güclü Azərbaycan miras qoymaqdır. Zəfər bizə bir daha öyrətdi ki, xalqın birliyi, dövlətin qüdrəti, rəhbərin qətiyyəti və ordunun rəşadəti ən böyük gücdür. Azərbaycan bundan sonra da öz suverenliyini, milli maraqlarını və müstəqilliyini qətiyyətlə qoruyacaq, regionda və beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirəcəkdir.

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin ehtiramımı və minnətdarlığımı bildirir, qəhrəman Ordumuzun hər bir üzvünə təşəkkür edirəm. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə səbir və dözüm arzulayıram.

Bu gün bizim borcumuz Zəfəri yalnız xatırlamaq deyil, onu qorumaq, yaşatmaq və daha böyük uğurlarla gələcək nəsillərə ötürməkdir. Qoy Azərbaycan bayrağı daim uca zirvələrdə dalğalansın, dövlətimizin qüdrəti, xalqımızın birliyi və milli qürurumuz əbədi olsun!

8 Noyabr - Zəfər Günümüz mübarək! Yaşasın qüdrətli, müstəqil və qalib Azərbaycan!

Müəllif: Səkinə Babayeva

 “Bakı Tekstil Fabriki” MMC-nin təsisçi direktoru və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri