Zəfərin ən böyük mənəvi nəticələrindən biri milli birliyin möhkəmlənməsidir - ŞƏRH

07/11/2026 - 19:42
Zəfərin ən böyük mənəvi nəticələrindən biri milli birliyin möhkəmlənməsidir - ŞƏRH

Azərbaycanın müasir tarixində 8 Noyabr – Zəfər Günü xalqımızın milli iradəsini, dövlətçilik əzmini və müstəqillik qətiyyətini özündə təcəssüm etdirən ən möhtəşəm tarixi hadisələrdən biridir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinə son qoymaq istiqamətində həlledici dönüş yaratdı. Bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin məntiqi nəticəsi oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib.

O bildirib ki, uzun illər ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasız qalması, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi Azərbaycanın qarşısında tarixi məsuliyyət qoymuşdu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi potensialı gücləndirildi, müasir ordu quruculuğu həyata keçirildi, beynəlxalq mövqelər möhkəmləndirildi. Bütün bunlar 2020-ci ildə tarixi Qələbənin əldə olunmasına möhkəm zəmin yaratdı.

“Vətən müharibəsinin ən mühüm məqamlarından biri noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Şuşanın azadlığı yalnız hərbi-strateji uğur deyil, həm də Azərbaycan xalqının tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəniyyətinin təntənəsi idi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyət əldə etdi.

Lakin 2020-ci il Qələbəsi Azərbaycanın qarşısında duran bütün vəzifələrin başa çatması demək deyildi. Dövlət suverenliyinin ölkənin bütün ərazilərində tam təmin olunması növbəti strateji hədəf idi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bütün ərazilərində bərpa edildi. Xankəndidə, Xocalıda və digər yaşayış məntəqələrində üçrəngli bayrağımızın ucaldılması 2020-ci ildə başlanan Zəfər yolunun mühüm siyasi-hərbi nəticəsini tamamladı. Bu baxımdan, 2020-ci il 8 Noyabr və 2023-cü il 20 Sentyabr tarixləri Azərbaycanın müasir dövlətçilik tarixində vahid prosesin ayrılmaz mərhələləridir.

Sülh, regional əməkdaşlıq, iqtisadi inteqrasiya

2026-cı ildə Zəfər Gününün altıncı ildönümünü qeyd edərkən əldə edilmiş tarixi nailiyyətlərin beynəlxalq siyasi müstəvidə möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, Birgə Bəyannamənin imzalanması regionda yeni siyasi reallıqların formalaşması baxımından mühüm addım oldu. Bu proses Azərbaycanın müharibədən sonra da sülhə, regional əməkdaşlığa və iqtisadi inteqrasiyaya üstünlük verdiyini göstərir. Bununla yanaşı, əldə olunmuş razılaşmaların tam icrası və davamlı sülhün hüquqi əsaslarının yaradılması qarşıda duran mühüm vəzifələrdəndir”,-deyə R.Qonaqov vurğulayıb.

O əlavə edib: “Digər mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Zəfərin quruculuq mərhələsinin əsas göstəriciləridir. Bu gün Azərbaycan yalnız azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasını deyil, həm də gələcək nəsillər üçün müasir və dayanıqlı inkişaf modelinin formalaşdırılmasını hədəfləyir.

Zəfərin ən böyük mənəvi nəticələrindən biri də milli birliyin və Azərbaycançılıq ideologiyasının daha da möhkəmlənməsidir. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun davam etdirilməsi Azərbaycanın güclü dövlətə çevrilməsində mühüm rol oynadı. Xalq-Lider-Ordu birliyi isə bütün dünyaya nümayiş etdirdi ki, milli həmrəylik, siyasi iradə və güclü dövlətçilik bir araya gəldikdə qarşıya qoyulan ən böyük məqsədlərə nail olmaq mümkündür. Bu tarixi Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin misilsiz şücaəti dayanır. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq”.