Zəfərimizin qüruru, bayrağımızın əzəməti – Azərbaycan!
Zəfərimizin qüruru, bayrağımızın əzəməti – Azərbaycan!
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan tarix deyil, milli yaddaşımıza əbədi həkk olunan qürur və şərəf səhifələridir. 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü məhz belə müqəddəs tarixlərdəndir.
Zəfər – illərlə qəlbimizdə yaşatdığımız ümidlərin gerçəyə çevrildiyi, xalqımızın sarsılmaz iradəsinin bütün dünyaya nümayiş olunduğu tarixi hadisədir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz birliyini, ordumuz isə qəhrəmanlığını və gücünü nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə dövlətimizin qüdrətini və xalqımızın əyilməz ruhunu təsdiqlədi.
Şuşanın azad edilməsi ilə zirvəyə çatan bu Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və dövlətçilik iradəmizin təntənəsi oldu. Bu Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin fədakarlığı və milyonlarla azərbaycanlının Vətən sevgisi dayanır.
Dövlət Bayrağı isə bizim üçün sadəcə üç rəngdən ibarət rəmz deyil. O, müstəqilliyimizin, milli kimliyimizin, azadlığımızın və dövlət suverenliyimizin təcəssümüdür. Bu gün üçrəngli bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda, doğma Şuşamızda dalğalanmasını görmək hər bir azərbaycanlı üçün sözlə ifadə olunmayacaq qədər böyük qürurdur.
Bir zamanlar həsrətlə baxdığımız torpaqlarda bu gün bayrağımızın dalğalanması, doğma yurdlarımızda həyatın yenidən canlanması, Böyük Qayıdış prosesinin həyata keçirilməsi Zəfərimizin real nəticələridir.
Mənim üçün Zəfər Günü həm də bir daha düşünmək, şəhidlərimizin əmanət qoyduğu Vətənin qədrini bilmək, dövlətimizin müstəqilliyinin və birliyimizin əhəmiyyətini dərk etmək günüdür. Çünki Vətən sevgisi yalnız sözlə deyil, əməl, məsuliyyət və dövlətə sədaqətlə ifadə olunur.
Bu əlamətdar günlər münasibətilə Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın, Zəfər tariximiz gələcək nəsillərə qürur və örnək olsun!
Zəfərin mübarək, Azərbaycan! Bayrağın daim uca olsun, doğma Vətən! 