SOCAR Kanada şirkəti ilə Azərbaycanın quru ərazisində seysmik kəşfiyyat aparacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın “Gran Tierra Energy” şirkəti ilə birlikdə Quba-Xəzəryanı neft-qaz regionunun geoloji quruluşunun dəqiqləşdirilməsi məqsədilə 2D seysmik kəşfiyyat işləri həyata keçirmək niyyətindədir.
SOCAR-dan verilən məlumata görə, qeyd olunan işlərin bu regionda yerləşən qurudakı perspektiv sahəsində Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında saziş çərçivəsində yerinə yetirilməsi planlaşdırılır.
Layihə üzrə hazırlıq işləri müzakirə olunub
Layihənin icrasının ilkin hazırlıq mərhələsi çərçivəsində Quba Rayon İcra Hakimiyyətində görüş təşkil edilib. Görüşdə iştirakçılar layihənin həyata keçirilməsi istiqamətində qarşıda duran növbəti addımları nəzərdən keçiriblər.
Xatırladaq ki, SOCAR ilə “Gran Tierra Energy” arasında müvafiq saziş bu ilin fevral ayında imzalanıb. Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək “Gran Tierra Energy Inc.” şirkəti 65% iştirak payına malik olacaq.
Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.