Sahil Babayev: “Əmin olsaydıq, qalan qızılı da satardıq”

04/11/2026 - 17:51
Sahil Babayev: “Əmin olsaydıq, qalan qızılı da satardıq”

Əmtəə birjasında qızılın kəskin bahalaşması Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) böyük həcmdə gəlir qazandırıb.

​Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında — 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

​"Heç kim 100% dəqiqliklə proqnozlaşdıra bilməzdi"

​Nazir qeyd edib ki, qiymətli metallar bazarında dəqiq proqnoz vermək mümkün deyil və ARDNF dəyişən bazar konyukturasından maksimum səmərəli istifadə edib:

​"Heç kim iki il əvvəl proqnozlaşdıra bilməzdi ki, qızılın qiyməti 1 unsiya üçün 5 500 ABŞ dollarına çatacaq, daha sonra isə bu ilin əvvəlində həmin səviyyəyə yüksəldikdən sonra bu gün 3 800 dollara düşəcək. Yəni bunu da heç kim 100% dəqiqliklə proqnozlaşdıra bilməz. Müəyyən dövrlər üzrə proqnozlaşdırma aparılır və uğurlu nəticələr əldə etdikdə bu proqnozlardan istifadə edirik."

​ARDNF gəlirlərini reallaşdırıb

​Sahil Babayev vurğulayıb ki, qızılın qiyməti tarixi maksimuma çatdıqdan sonra Fond operativ adımlarla riskləri sığortalayıb və böyük mənfəət əldə edib:

​"Bu baxımdan, çox müdrik qərar qəbul edilib. Qızılın qiyməti 1 unsiya üçün 5 000 dolları keçdikdən sonra ARDNF müəyyən həcmdə satışlara başladı. Bunun nəticəsində ARDNF kifayət qədər böyük qazanc əldə edib. Əslində, Fond qızıl üzrə qazancını artıq reallaşdırıb."

​"Geosiyasi münaqişələr qiyməti yenidən qaldıra bilər"

​Maliyyə naziri qalan qızıl ehtiyatlarının nədən satılmadığına da aydınlıq gətirib:

​"Əgər qızılın qiymətinin 3 800 dollardan da aşağı düşəcəyinə əmin olsaydıq, bəlkə də qalan qızılı da satardıq. Amma buna əmin deyildik. Çünki bilirik ki, altı ay və ya bir il sonra növbəti geosiyasi münaqişə zamanı qızılın qiyməti yenidən arta bilər."