Konstitusion dəyərlər – milli tərəqqinin, gəncliyin və gələcəyin etibarlı təminatı
Konstitusion dəyərlər – milli tərəqqinin, gəncliyin və gələcəyin etibarlı təminatı
Dövlətin uzunmüddətli inkişafı yalnız iqtisadi göstəricilərlə, siyasi nailiyyətlərlə və həyata keçirilən islahatlarla ölçülmür. Bu inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri möhkəm hüquqi sistem, vətəndaşların hüquq və azadlıqlarına hörmət, ictimai məsuliyyət və milli dəyərlərə bağlılıqdır. Azərbaycan Respublikasının Konstitusiyası bütün bu prinsipləri özündə birləşdirərək müstəqil dövlətçiliyimizin hüquqi əsasını və gələcək inkişafımızın strateji istiqamətlərini müəyyən edir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin müasir tarixində mühüm dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu fundamental sənəd müstəqil Azərbaycanın dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirdi, demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının müdafiəsinin, vətəndaş cəmiyyətinin inkişafının hüquqi çərçivəsini yaratdı. Konstitusiyanın qəbul edilməsi xalqımızın öz dövlətinin gələcəyini müstəqil müəyyənləşdirmək iradəsinin mühüm ifadəsi idi.
Bu gün Konstitusiyanın əhəmiyyətindən danışarkən onun yalnız hüquqi normalar toplusu olmadığını xüsusi qeyd etmək lazımdır. O, cəmiyyətin inkişaf fəlsəfəsini, dövlətin və vətəndaşın qarşılıqlı məsuliyyətini, fərdin öz potensialını reallaşdırması üçün zəruri olan hüquqi mühiti müəyyən edir. Konstitusion dəyərlərin real həyatda təcəssümü isə hüquqi maarifləndirmədən, vətəndaş fəallığından və hər bir insanın öz hüquq və vəzifələrini dərk etməsindən başlayır.
Mənim qənaətimə görə, Konstitusiyanın müəyyən etdiyi prinsiplərin ən mühüm istiqamətlərindən biri insan kapitalının inkişafı ilə bağlıdır. Çünki dövlətin gələcəyini formalaşdıran əsas qüvvə onun vətəndaşları, xüsusilə də bilikli, yaradıcı, təşəbbüskar və sosial məsuliyyətli gəncləridir. Təhsil hüququnun təmin edilməsi, bilik və bacarıqların inkişafı, sağlam rəqabət mühitinin yaradılması və hər bir gəncin öz qabiliyyətlərinə uyğun imkanlar əldə etməsi müasir dövlətin inkişaf səviyyəsini müəyyənləşdirən amillərdəndir.
Gənclərlə iş sahəsində uzun illər ərzində qazandığım təcrübə mənə göstərib ki, gənclərin cəmiyyətə inteqrasiyası yalnız onların təhsil alması ilə məhdudlaşmamalıdır. Onlar qərarların qəbulunda iştirak etməli, ictimai təşəbbüslər irəli sürməli, sosial problemlərin həllinə töhfə verməli və öz fəaliyyətləri ilə dövlətin inkişaf prosesinin fəal iştirakçılarına çevrilməlidirlər. Gənclərin ictimai həyatda iştirakına şərait yaradılması, onların liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, könüllülük və vətəndaş təşəbbüslərinin dəstəklənməsi hüquqi dövlətin vətəndaş fəallığına əsaslanan inkişaf modelini gücləndirir.
Bu baxımdan Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqların gənc nəslə düzgün izah edilməsi xüsusi əhəmiyyət daşıyır. Hüquqlarını bilən, qanunlara hörmət edən, başqalarının hüquqlarına həssas yanaşan və ictimai məsuliyyətini dərk edən gənclər cəmiyyətin ən böyük potensialıdır. Məktəb və universitetlərdə hüquqi maarifləndirmənin genişləndirilməsi, təhsilin yalnız bilik ötürülməsi deyil, həm də vətəndaşlıq mövqeyinin formalaşdırılması vasitəsinə çevrilməsi bu baxımdan vacibdir.
Digər mühüm məsələ milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsidir. Tarixi abidələr, memarlıq nümunələri, şəhərsalma ənənələri və mədəni irs xalqın tarixi yaddaşını yaşadan, milli kimliyini formalaşdıran əvəzsiz sərvətlərdir. İçərişəhər kimi nadir tarixi məkanların qorunması bu məsuliyyətin nə qədər böyük olduğunu göstərir. Belə məkanlar yalnız keçmişimizin yadigarı deyil, həm də müasir cəmiyyətin öz tarixi ilə əlaqəsini qoruyan canlı mədəniyyət mühitidir.
Tarixi irsin mühafizəsi ilə müasir inkişaf arasında düzgün tarazlığın yaradılması xüsusi yanaşma tələb edir. Bir tərəfdən, milli-mədəni dəyərlərimizin orijinallığı və tarixi siması qorunmalı, digər tərəfdən isə bu irsin müasir texnologiyalar, elmi yanaşmalar və səmərəli idarəetmə mexanizmləri vasitəsilə gələcək nəsillərə çatdırılması təmin edilməlidir. Mən hesab edirəm ki, tarixi irsə münasibət həm dövlətçilik düşüncəsinin, həm də cəmiyyətin mədəni yetkinliyinin göstəricisidir.
Azərbaycanın son illərdə əldə etdiyi siyasi və tarixi nailiyyətlər də dövlətçilik şüurunun və milli həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və suverenliyimizin tam bərpası ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu gün azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi, yeni yaşayış məntəqələrinin və sosial infrastrukturun yaradılması gələcəyə yönəlmiş böyük dövlətçilik strategiyasının tərkib hissəsidir. Bu proseslərdə gənclərin bilik və bacarıqlarından istifadə edilməsi, onların quruculuq fəaliyyətinə cəlb olunması xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı kimi fəaliyyətimdə də hesab edirəm ki, qanunvericilik təşəbbüslərinin əsas istiqamətlərindən biri cəmiyyətin real ehtiyaclarına cavab vermək, insanların hüquqlarının qorunmasına xidmət etmək və gələcək inkişaf üçün zəruri hüquqi imkanları genişləndirməkdir. Təhsil, gənclər siyasəti, ictimai iştirakçılıq və mədəni irsin qorunması kimi sahələrə diqqət yalnız bugünkü problemlərin həlli deyil, həm də gələcək nəsillər üçün daha sağlam inkişaf mühitinin yaradılması deməkdir.
Konstitusiyaya hörmət hər bir vətəndaşın gündəlik davranışında, peşə fəaliyyətində və cəmiyyət qarşısında daşıdığı məsuliyyətdə özünü göstərməlidir. Qanunlara əməl etmək, ictimai maraqları nəzərə almaq, fərqli düşüncələrə hörmətlə yanaşmaq və dövlətin inkişafına töhfə vermək hüquqi mədəniyyətin mühüm göstəriciləridir. Dövlətçilik yalnız müəyyən institutların fəaliyyəti deyil, həm də hər bir vətəndaşın bu dəyərlərə münasibəti və məsuliyyətli mövqeyi ilə möhkəmlənir.
İnanıram ki, Konstitusiyamızın müəyyən etdiyi prinsiplərə sadiqlik, təhsilin və insan kapitalının inkişafı, gənclərin ictimai proseslərdə fəal iştirakı, milli-mədəni irsimizin qorunması Azərbaycanın gələcək uğurlarının mühüm təminatlarından olacaqdır. Güclü dövlətin təməlində hüquqi düşüncəyə malik, öz tarixinə bağlı, müasir biliklərə yiyələnmiş və gələcəyə məsuliyyətlə yanaşan vətəndaş dayanır.
12 Noyabr – Konstitusiya Günü münasibətilə hər bir həmvətənimi səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, ölkəmizdə hüququn aliliyi, vətəndaş həmrəyliyi, milli birlik və bərabər imkanlar daim möhkəmlənsin. Gənclərimiz bilikli, təşəbbüskar və məsuliyyətli şəxsiyyətlər kimi yetişsin, dövlətimiz yeni inkişaf mərhələlərində daha böyük nailiyyətlər qazansın.
Konstitusiya Günümüz mübarək!
Şahin Seyidzadə
Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı