Forum iştirakçıları “İsmailiyyə” binası və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanış olublar
Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında olublar.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Economynews.az verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Forum iştirakçıları Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binası ilə tanış olublar.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, Qurultay 1926-cı il fevralın 26-dan martın 6-dək Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsində yerləşən indiki binasında keçirilib. Bu mötəbər elmi toplantıda Özbəkistanın tanınmış elm xadimləri də iştirak ediblər. Forum iştirakçılarının bu gün Elmlər Akademiyasının inzibati binası ilə tanışlığı da məhz bu məqsədə xidmət edib.
Qonaqlara bildirilib ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mühüm mərhələlərdən birini təşkil edib. Beynəlxalq miqyaslı bu elmi forumda Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilib.
Tanışlıq zamanı Birinci Türkoloji Qurultaya və Azərbaycan-Özbəkistan elmi əlaqələrinə dair slaydlar nümayiş etdirilib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Ərtegin Salamzadə qonaqlara ölkə əhəmiyyətli bu abidənin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verib. Qeyd edilib ki, bina 1908-1913-cü illərdə Azərbaycanın neft milyonçusu Musa Nağıyev tərəfindən vaxtsız vəfat edən oğlu İsmayılın xatirəsinə tikdirilib. O, “İsmailiyyə” binası kimi tanınan tikilinin inşasında orta əsrlər Avropa memarlığında geniş yayılmış Qotika üslubu ilə yanaşı, Azərbaycanın milli ornamentlərinin də istifadə edildiyini söyləyib. Diqqətə çatdırıb ki, bina 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən yandırılıb və növbəti illərdə bərpa olunub.
Daha sonra qonaqlar AMEA-nın Rəyasət Heyətinin binasındakı Böyük akt zalı ilə tanış olublar. Burada AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara Azərbaycan-Özbəkistan elmi əlaqələri və AMEA-nın qardaş ölkənin Elmlər Akademiyası ilə yenilənməkdə davam edən əməkdaşlığı haqqında məlumat verib.
Qonaqlar həmçinin kitab sərgisi ilə də tanış olublar. Akademik İsa Həbibbəyli uzun illər sonra aşkarlanan və AMEA-da nəşr olunan özbək əsilli dilçi alim Xalid Səid Xocayevin tərcümə etdiyi Mahmud Kaşğarinin 3 cildlik “Divanü lüğət-it türk” əsərini qonaqların diqqətinə çatdırıb.
Forum iştirakçıları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə də tanış olublar. Muzeyin direktoru, Milli Məclis sədrinin müavini Rafael Hüseynov burada qonaqlara muzeyin tarixi və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, muzeyin əsası 1 noyabr 1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə qoyulub və 14 may 1945-ci ildə açılıb.
Qonaqlar muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ilə tanış olublar.
Qonaqlar Beynəlxalq Muğam Mərkəzində İkinci Azərbaycan - Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində təşkil olunan mədəni proqrama da baxıblar. Burada qonaqlara Azərbaycan və Özbəkistanın zəngin incəsənətindən nümunələr təqdim olunub.