Dövlət büdcəsi və yeni iqtisadi inkişaf mərhələsi: Azər Əmiraslanovun parlament çıxışı

16/11/2026 - 13:52
Dövlət büdcəsi və yeni iqtisadi inkişaf mərhələsi: Azər Əmiraslanovun parlament çıxışı

“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin təqdimatı

Plenar iclas, 16 noyabr 2026-cı il

 

Hörmətli xanım sədr!

Hörmətli cənab Baş Nazir!

Hörmətli deputat həmkarlar və hökumət üzvləri!

Dəyərli media nümayəndələri!

2027-ci ilin dövlət büdcəsi zərfinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilməsi ilə parlamentdə büdcə müzakirələrinə başlanılmışdır.

Büdcə zərfi hər şeydən əvvəl Möhtərəm Prezidentimizin strateji təşəbbüslərini, sosial-iqtisadi inkişafın əsas hədəflərini, yeni dövrün çağırışlarını əks etdirir və onların reallaşdırılması üçün etibarlı maliyyə təminatı yaradır.

Növbəti ilin büdcə gəlirləri 39,2 milyard, xərcləri isə 42,4 mlrd. manat proqnozlaşdırılır. Büdcə kəsirinin yuxarı həddi təxminən 3,2 mlrd. manat və ya ÜDM-in 2,2 faizi səviyyəsində nəzərdə tutulur.

İcmal büdcənin gəlirlərinin 47,6 milyard, xərclərinin 50,4 milyard, kəsirinin isə 2,8 milyard manat təşkil edəcəyi gözlənilir.

Hesab edirik ki, 2027-ci ilin büdcə zərfinin qiymətləndirilməsinə yalnız bu rəqəmlərdən başlamaq kifayət deyil. Çünki büdcə öz-özlüyündə məqsəd deyil, ümumi dövlət siyasətinin həyata keçirilməsi üçün mühüm vasitəsidir.

Hörmətli həmkarlar!

Azərbaycan artıq tamamilə yeni tarixi mərhələyə qədəm qoymuşdur. Bu mərhələnin təməlində Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi və sərkərdə məharəti, Şanlı Ordumuzun döyüş qabiliyyəti, qəhrəman şəhid və qazilərimizin fədakarlığı və qətiyyəti sayəsində qazanılmış möhtəşəm Qələbəmiz dayanır.

Qələbə xalqımıza böyük qürur və fəxarət hissi yaşatmaqla, Azərbaycan tarixində şanlı səhifə, şərəfli yol açmaqla bərabər, qarşımızda böyük bir məsuliyyət də yaratmış oldu. Bu məsuliyyət yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Qələbədən sonrakı mərhələ eyni zamanda daha dayanıqlı və rəqabətqabiliyyətli milli iqtisadiyyat qurmaq əzmi və məsuliyyəti ilə bağlıdır.

Hörmətli həmkarlar!

2027-ci ilin əsas maliyyə sənədini xarakterizə etməzdən əvvəl “Biz hansı büdcəni deyil, ilk növbədə hansı dövlətin büdcəsini müzakirə edirik?” sualına cavab verməliyik.

Bir daha qürur və fəxarət hissi ilə vurğulamaq istərdik ki, biz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, milli maraqlarını zərrə qədər də olsa güzəştə getməyən, qürurunu ləyaqətlə qoruyan, böyük iqtisadi potensiala və perspektivlərə malik bir dövlətin əsas maliyyə sənədini təqdim və müzakirə edirik.

Azərbaycan bu gün regional proseslərə təsir göstərən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən, çoxtərəfli platformalarda və beynəlxalq təşəbbüslərdə fəal iştirak edən dövlətdir. Elə bu xüsusiyyətləri ilə də ölkəmiz qlobal siyasi arenada “orta güc” statusuna malik nüfuzlu dövlət olaraq tanınır və qəbul olunur.

İqtisadi müstəvidə isə Azərbaycan yalnız strateji enerji resurslarına malik ölkə deyil, həm də həmin resursları regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın mühüm vasitəsinə çevirən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edə bilən, iqtisadi müstəqilliyinə önəm verən dövlətdir.

Enerji ixracı infrastrukturu, Orta Dəhliz, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat bağlantıları, Xəzər üzərindən logistika imkanları, ciddi perspektivə malik yaşıl enerji ixracı Azərbaycanın geoiqtisadi əhəmiyyətini onun nominal iqtisadi göstəricilərindən daha yüksək səviyyəyə qaldırır.

Bütün bunlar dövlət maliyyə sistemi və büdcə siyasəti üçün bir tərəfdən xüsusi tələblər müəyyən edir, digər tərəfdən də müəyyən gözləntilər yaradır. Belə ki,  “orta güc” dövlətinin büdcəsi sadəcə böyük büdcə deyil, strateji büdcə olmalıdır. Belə bir büdcə siyasi və iqtisadi müstəqilliyi qorumağa, xarici şoklara qarşı maliyyə ehtiyatları yaratmağa, milli təhlükəsizliyi təmin etməyə və gələcək iqtisadi potensialın formalaşdırılmasına xidmət etməlidir.

Buna görə də vaxtdan və konyukturdan asılı olmayaraq maliyyə təhlükəsizliyimiz ən yüksək səviyyədə təmin edilməlidir. Bu baxımdan “orta güc” statusuna malik olan ölkəmiz üçün valyuta rezervləri, suveren fondlar, idarə olunan dövlət borcu, konservativ fiskal siyasət sadəcə büdcə planlaşdırılması deyil, iqtisadi təhlükəsizliyin ən təsirli maliyyə alətləridir.

Biz bu yanaşmanı hökumətin borc siyasətində də aydın görə bilərik. 2026-cı ilin oktyabrın 1-nə olan məlumatlara əsasən xarici dövlət borcu cəmi 4,5 mlrd. dollar təşkil edir ki, bu da ÜDM-in 5,6 faizi həddindədir.

Ümumi həcmi 89,4 milyard dollara çatan  strateji valyuta ehtiyatlarımız makroiqtisadi sabitliklə bərabər, Azərbaycan dövlətinin milli maraqlarımıza uyğun qəbul etdiyi suveren qərarları da  dəstəkləyir. Bu məbləğ cari ilin sonuna gözlənilən 138 mlrd. manatlıq və ya 81,2 mlrd. dollarlıq  ÜDM-in həcmini 10 faiz, xarici borcumuzu isə təxminən 20 dəfə üstələyir.

Burada bir prinsipial məsələni də vurğulamaq istərdik. Maliyyə təhlükəsizliyi yalnız ehtiyatların həcmi ilə deyil, həmin ehtiyatların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə də təmin olunur. Qeyri-neft sektorunun büdcə gəlirlərində payının 60 faizi keçməsi, o cümlədən Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılması, növbəti ildə cari xərclərin 90 faizinin qeyri-neft gəlirləri hesabına qarşılanması hədəfi və büdcə qaydasına ciddi riayət edilməsi bunu bir daha təsdiq edir.

Hörmətli həmkarlar!

Təbii ki, dövlət büdcəsi iqtisadi fəaliyyətin nəticəsində formalaşır. Bizim müzakirə etdiyimiz növbəti ilin büdcə layihəsi əslində qanunla təsdiq ediləcək proqnozlar və gözləntilərdir. Bu proqnozların real xəzinəyə çevrilməsi isə milli iqtisadiyyatımızın  yüksək fəallıq nümayiş etdirməsindən, iqtisadi potensialın tam reallaşdırılmasından və etibarlı gəlir bazasının yaradılmasından asılıdır.

Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə başlanılmış və hazırda uğurla davam edən “yeni iqtisadi təşəbbüslər” də elə dövlətimizin iqtisadi dayaqlarının, maliyyə əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Biz bu təşəbbüsləri və son illərdə reallaşdırılan iqtisadi transformasiyanı “yeni iqtisadiyyat quruculuğu” kimi dəyərləndirir və ifadə edir, elə bu terminologiya ilə də onun siyasi və iqtisadi leksikonumuza daxil edilməsini təklif edirik.

Beləliklə, “yeni iqtisadiyyatın” təşəkkülü dedikdə nə başa düşülür və onun konseptual məzmunu nədən ibarətdir?

Hər şeydən əvvəl yeni iqtisadiyyat neft gəlirlərinin yaratdığı imkanlardan imtina etmək deyil, əksinə həmin imkanları yeni gəlir, yeni ixrac, yeni texnologiya və yeni vergi bazasına çevirmək, dövlət üçün dayanıqlı iqtisadi sütunlar yaratmaq, vətəndaş üçün isə keyfiyyətli rifahı təmin etməkdir.

Bu mərhələ sadəcə qeyri-neft sektorunun statistik olaraq böyüməsi ilə deyil, iqtisadiyyatın strukturunun və keyfiyyətinin dəyişməsi ilə səciyyələnir. Əslində bu, mahiyyət etibarı ilə, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid prosesidir.

Etiraf etməliyik ki, bugünkü yeni iqtisadiyyatın infrastrukturu əslində dünən yaradılmışdır. Vaxtilə neft gəlirləri hesabına çəkilmiş magistral yollar, dəmir yolu xətləri, qurulub-tikilmiş limanlar, enerji və kommunikasiya infrastrukturu, yaradılmış logistika imkanları bu gün öz strateji nəticələrini göstərir.

Hörmətli həmkarlar!

Bu həlledici mərhələnin – yeni iqtisadiyyat quruculuğunun  diqqət çəkən mühüm xüsusiyyətlərini qeyd etmək istərdim.

Bu mərhələdə dövlətin iqtisadiyyatda rolu keyfiyyətcə dəyişir. Bütün iqtisadi təşəbbüslərin yalnız büdcə hesabına maliyyələşdirilməsi əvəzinə, özəl kapital səfərbər edilir, əlverişli investisiya mühiti yaradılır, iqtisadi fəallıq stimullaşdırılır.

Cari ilin sentyabrında Prezident İlham Əliyevin  himayəsi altında uğurla keçirilən və dünyanın ən nüfuzlu biznes və investor elitasının iştirak etdiyi II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bunu bir daha təsdiq edir.

Rəqəmsal transformasiya, süni intellekt, innovasiya ekosistemləri, bərpaolunan enerji, nəqliyyat-logistika iqtisadi artımın yeni mənbələri kimi gündəmə gəlməkdədir.

Eyni zamanda, vergi-gömrük güzəştləri və azadolmaları, sahibkarlığa dəstək mexanizmləri iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir. Növbəti ildə vergi-gömrük güzəşt və azadolmalarının ümumi həcminin qeyri-neft ÜDM-nin  təxminən 8 faizi və ya 8,7 mlrd. manat səviyyəsində nəzərdə tutulması iqtisadi təşviq siyasətinin miqyasını göstərir.

Hörmətli həmkarlar!

Yeni iqtisadiyyat quruculuğunun əsas əlamətlərindən biri son illərdə xidmət sektorunun – xüsusilə də  ticarət, nəqliyyat, logistika, turizm, informasiya və rabitə kimi sahələrin sürətlə inkişafı və onun ÜDM-də payının artıq 2025-ci ildə təxminən 45 faizə çatmasıdır. Xidmət ixracının artması da xüsusi olaraq qeyd edilməlidir.

Ötən ilin tədiyyə balansının məlumatlarına əsasən xidmət ixracımız 8,6 mlrd. dollar, xidmət idxalı isə 10,3 mlrd. dollar təşkil etmişdir.

Bu rəqəmlər bir tərəfdən xidmət ixracı potensialının artdığını, digər tərəfdən isə yüksək əlavə dəyər yaradan xidmət sahələrinin inkişafı, xidmət idxalının əvəz edilməsi üçün geniş imkanların olmasından xəbər verir. Bu potensial inkişaf etmiş iqtisadiyyatlarda olduğu kimi ölkəmizdə də xidmət sektorunun ÜDM-də payının perspektiv dövrdə daha da yüksəlməsini təmin edəcəkdir.

Hörmətli həmkarlar!

Həmçinin, 2027-ci ilin dövlət büdcəsi zərfinin, son illər həyata keçirilən fiskal siyasətin əsas xüsusiyyətlərini qeyd etmək istərdim.

Dövlət büdcəsi milli iqtisadiyyata aid maliyyə sənədi olsa da, onun formalaşmasına qlobal iqtisadi meyllər və beynəlxalq siyasi konyuktur mühüm təsir göstərir. Dünya iqtisadiyyatında artımın zəifləməsi, enerji qiymətlərinin dəyişkənliyi, geosiyasi risklər və borc öhdəlikləri üzrə faizlərin yüksəlməsi büdcə planlaşdırılmasında ehtiyatlı yanaşmanı zəruri edir.

Xüsusilə enerji bazarlarındakı vəziyyətə diqqət yetirilməlidir. 2027-ci ilin büdcə zərfində neftin bir barelinin orta illik qiyməti 65 dollar səviyyəsində götürülmüşdür. Hazırkı bazar qiymətlərinin bu göstəricidən təxminən 50 faizədək yüksək olması və davamlı dəyişməsi neftin büdcə qiymətinin artırılması ilə bağlı müəyyən gözləntilər yarada bilər.

Lakin, dünya neft bazarında cari qiymətlərin yüksəlməsi dayanıqlı tələb amilləri ilə deyil, geosiyasi risklər və təklif məhdudiyyətləri ilə izah olunur. Bu baxımdan neftin orta illik proqnoz qiymətini ehtiyatlı büdcə planlaşdırması üçün əsaslı baza hesab edirik.

Digər bir məsələ əlavə neft gəlirlərinə münasibətlə bağlıdır. Bəzən bu cür fikirlər səslənir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə dərhal xərclənmir? Hesab edirik ki, bu suala fiskal dayanıqlıq prinsipi əsasında yanaşmalıyıq. Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil.  Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar konyukturu hər an dəyişə bilər.

Fiskal siyasət büdcə üçün əlverişli konyuktur şəraitində də  məsuliyyətli və qənaət yönümlü olmalıdır. Dövlət maliyyə sistemində dayanıqlığın əsas sınağı böhranlı illər deyil, gəlirlərin yüksək olduğu dövrdür. Yüksək gəlir şəraitində bütün əlavə resursların xərclənməsi konyukturdan asılı olan fiskal siyasətə, bu da son nəticədə maliyyə risqlərinə gətirib çıxarır. Belə ki, əlverişli konyukturda xərclər sürətlə artır, bazar şərtləri pisləşdikdə isə maliyyə imkanları daralır. Yeni büdcə siyasətinin əsas məqsədlərindən və prinsiplərindən biri məhz bu asılılığın azaldılmasıdır.

Büdcə zərfində əsaslı xərclərə 13,8 mlrd. manat, o cümlədən dövlət investisiyalarına 5,3 mlrd. manat vəsait nəzərdə tutulması fiskal dayanıqlıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir. Təbii ki, dövlət investisiyalarının multiplikativ təsiri nəzərə alınmalıdır.

Hörmətli həmkarlar!

Büdcə müzakirələri çərçivəsində səslənən fikirlərdən biri büdcə gəlir və xərclərinin 1,7 faizlik artımının qənaətbəxş olmaması ilə bağlı idi. Lakin nəzərə almalıyıq ki, büdcənin qiymətləndirilməsi yalnız rəqəmlərin müqayisəsi ilə məhdudlaşa bilməz. Büdcənin strukturu, dayanıqlığı, nəticəliliyi və gələcək üçün yaratdığı imkanlar onun ümumi həcmindən və artım dinamikasından daha vacibdir. Digər bir tərəfdən də növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ÜDM-də payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir.

Hörmətli həmkarlar!

Azərbaycan icrası eyni vaxtda üst-üstə düşən çoxsaylı strateji, təxirəsalınmaz və maliyyətutumlu layihələri öz daxili imkanları hesabına həyata keçirir.

Postmüharibə dövrünü yaşamış və bərpa prosesini beynəlxalq yardımlar, xarici dəstəklər  hesabına icra etmiş  bir sıra ölkələrdən fərqli olaraq dövlətimiz Böyük Qayıdış Proqramını yalnız özü maliyyələşdirir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması  üçün 2020–2026-cı illərdə dövlət büdcəsindən cəmi 25 mlrd. manatdan çox vəsait ayrılmışdır. 2027-ci ildə isə 3,4 mlrd. manat nəzərdə tutulur.

Büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosial yönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 mlrd. manat və ya 9,2 faiz çoxdur. Bu rəqəmlər dövlət siyasətinin  mühüm bir prinsipini – iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasını təsdiq edir. 

Digər bir tərəfdən də sosial yönümlü xərclərin büdcə məxaricində yüksək payı dövlət siyasətində sosial öhdəliklərin və insan kapitalının prioritet olduğunu göstərir. Lakin bu göstəricinin fiskal tərəfi də xüsusi əhəmiyyət daşıyır. Sosial xərclərin böyük hissəsi davamlı və təkrarlanan öhdəliklərdən ibarətdir. Bu səbəbdən də onların fasiləsiz icrası etibarlı maliyyə bazası tələb edir.

Müstəqil xarici siyasətin, qətiyyətli siyasi iradənin arxasında güc amili dayandığı kimi, uzunmüddətli milli güc də dayanıqlı iqtisadiyyata, mütərəqqi texnologiyaya, rəqabətqabiliyyətli insan kapitalına və müasir infrastruktura əsaslanır. Buna görə büdcədə təhlükəsizlik və iqtisadi inkişaf xərcləri bir-birinə alternativ deyil, biri digərini tamamlayır.

Təsadüfi deyildir ki, 2027-ci ilin büdcə zərfində müdafiə və təhlükəsizlik xərcləri ilə iqtisadi fəaliyyət xərcləri təxminən eyni məbləğdə və eyni xüsusi çəkidə nəzərdə tutulmuşdur. Belə ki, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat,  iqtisadi fəaliyyətlə bağlı xərclərə isə 8,9 milyard manat yönəldiləcəkdir. Hər iki xərc maddəsinin büdcə məxaricində payı təxminən 21 faiz təşkil edir. Yeganə fərq ondan ibarətdir ki, 2026-cı illə müqayisədə təhlükəsizlik xərcləri cəmi 99 milyon manat və ya 1,1 faiz, iqtisadi fəaliyyət xərcləri isə 1,1 milyard manat və ya 13,4 faiz artırılır. Xərclərin bu dinamikası 2027-ci ilin maliyyə sənədini hər bir halda rifah və inkişaf büdcəsi olaraq dəyərləndirməyə imkan verir və belə bir qənaət üçün əsaslar yaradır.

Qeyd edə bilərik ki, büdcə zərfi həm də dayanıqlı inkişaf prinsipinə əsaslanır. Neft Fondundan dövlət büdcəsinə transfertlərin son illər azaldılması bir tərəfdən fiskal dayanıqlığa, digər tərəfdən də neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılmasına xidmət edir. Möhtərəm cənab Prezidentin Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında və 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda konseptual və strateji məzmunlu çıxışında qeyd etdiyi kimi borc siyasətinə konservativ yanaşma dövlətin gələcək nəsillərə ağır borc yükü miras qoymamaq niyyəti ilə bağlıdır.

Dayanıqlı inkişaf prinsipinə görə bugünkü təşəbbüslər gələcək nəslin inkişafına maneə yaratmamalıdır. Bugünkü inkişaf sabahki inkişafın resurslarını tükətməməlidir. Bu günün rifahı sabahın rifahı üçün imkanları daraltmamalıdır.

 

Hörmətli deputat həmkarlar!

Hörmətli hökumət üzvləri!

Xüsusi olaraq qeyd etməliyik ki, son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində institusional islahatlara başlanılmış, büdcə  siyasət keyfiyyətcə yeni mərhələyə keçmişdir. Hazırda maliyyə intizamının gücləndirilməsi, fiskal dayanıqlığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Bununla belə, aparılmış büdcə müzakirələrinin nəticələrini də nəzərə alaraq, perspektiv dövrdə büdcə prosesində və fiskal siyasətin həyata keçirilməsində nəzərə alınmasını vacib hesab etdiyimiz bəzi fikir və təklifləri bildirmək istərdik.

Büdcə siyasətində əsas hədəf maliyyə dayanıqlığını qorumaqla yanaşı, həm də davamlı iqtisadi inkişafı təmin etməkdir. Müasir iqtisadiyyatda ayrı-ayrı siyasət tədbirlərinin səmərəliliyi onların vahid iqtisadi strategiya çərçivəsində nə dərəcədə uzlaşdırılmasından asılıdır. Dayanıqlı makroiqtisadi sabitliyə yalnız bir-birini dəstəkləyən və tamamlayan fiskal, monetar və iqtisadi artım siyasəti əsasında nail olmaq mümkündür.

Xarici borcun ümumi dövlət borcundakı payının 32 faiz təşkil etməsinə baxmayaraq, hökumət tərəfindən onun ortamüddətli perspektivdə mərhələli azaldılması və daxili borcla əvəz edilməsi strategiyası davam etdiriləcəkdir. Bu yanaşmanı əsaslı hesab edirik. Çünki, xarici borcun büdcəyə yükü təkcə onun nominal həcmi və ÜDM-də payı ilə yox, həm də borcun valyuta tərkibi, faiz yükü, ödəmə müddətləri və borca xidmət xərcləri ilə müəyyən olunur.

Bir mühüm məsələyə də diqqət yetirmək istərdik. Büdcə imkanlarının məhdud olduğu, eyni zamanda yeni maliyyə ehtiyaclarının yarandığı şəraitdə ilk addım həmişə əlavə maliyyə mənbələri axtarmaq olmamalıdır. Hər yeni prioritet istiqamət mütləq yeni xərc demək deyil. Bəzən daha düzgün yanaşma mövcud büdcə daxilində prioritetlərin yenidən müəyyən edilməsidir. Bu, beynəlxalq təcrübədə xərclərin yenidən prioritetləşdirilməsi adlanır. Çoxsaylı və təxirəsalınmaz maliyyə ehtiyaclarını qarşılamaqda olan və hətta əsas xərc prioritetlərini müəyyən etmiş Azərbaycan üçün bu yanaşmanın nəzərə alınmasının praktiki əhəmiyyəti vardır.

2027-ci il üçün 5,3 faizlik inflyasiya, 2,7 faizlik iqtisadi artım proqnozları fonunda dövlət büdcəsinin parametrləri  fiskal siyasətə bir qədər sərt məzmun verir. Növbəti illərdə iqtisadi fəallığın yüksəldilməsi, büdcə gəlir və xərclərinin real olaraq artımının təmin edilməsi baxımından fiskal parametrlərin inflyasiya və iqtisadi artım tempi ilə daha sıx uzlaşdırılmasını vacib hesab edirik.

Hörmətli həmkatrlar!

Proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi dövlət maliyyə sistemində islahatların əsas istiqamətlərindən birini təşkil edir. Bu mexanizmin əhatə etdiyi sektorların sayı səkkizə çatdırılmışdır. 2027-ci ilin büdcə zərfində bu sektorlar üzrə 54 dövlət proqramının maliyyələşdirilməsinə 13,9 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, müsbət institusional dəyişiklikdir. Lakin hesab edirik ki, sektorların sayının artırılması ilə yanaşı büdcə vəsaitlərinin nəticəəsaslı idarə olunmasının keyfiyyəti də yüksəldilməlidir.

Bu qənaətdəyik ki, fiskal konsolidasiya siyasəti ilə nəticəəsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmalıdır. 2025-ci ildə Nəticə Əsaslı Büdcə  üzrə maliyyələşmə  həcmi 6,1 mlrd. manata çatmışdır ki, bunun da ümumi büdcə xərclərində payı 15,8 faiz təşkil edir. Konsolidasiya prosesinin sürəti nəticəəsaslı büdcə mexanizminin tətbiqinin də sürətləndirilməsini zəruri edir. Bu iki istiqamətin daha sıx əlaqələndirilməsi büdcə vəsaitlərinin səmərəliliyinin yüksəldilməsinə əlavə imkanlar yarada bilər.

Digər mühüm məsələ büdcənin təsdiq edilmiş parametrləri ilə onun faktiki icrası arasında uyğunluğun təmin edilməsidir.

Hesab edirik ki, fiskal konsolidasiya tədbirlərinin əsas istiqamətləri büdcənin planlaşdırılması mərhələsində müəyyən edilməli, icra prosesində isə təsdiq olunmuş xərc proqramlarının ardıcıllığı və proqnozlaşdırıla bilməsi mümkün qədər qorunmalıdır.

Büdcə xərclərinin azaldılması ilə onların səmərəliliyinin artırılması eyni anlayışlar deyil. Xərclərin azaldılması fiskal göstəriciləri yaxşılaşdıra bilər. Lakin bu, avtomatik olaraq dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi demək deyil.

Xüsusi olaraq qeyd etməliyik ki, dövlət investisiyaları neft sektoru ilə yanaşı uzun illər ərzində iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi olmuşdur. Ona görə də büdcə xərclərinin optimallaşdırılması zamanı multiplikativ təsirləri olan xərc maddələrinin iqtisadi artıma, məşğulluğa və özəl sektora təsiri  qiymətləndirilməlidir. Nəzərə almalıyıq ki, bütün xərc maddələrinin iqtisadi nəticəsi eyni deyil. Bəzi xərclərin azaldılması qısamüddətli büdcə qənaəti yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi itkilərə səbəb ola bilər.

Kənd təsərrüfatının nəticəəsaslı büdcə mexanizminin tətbiq edildiyi 8 sektordan biri olduğunu nəzərə alaraq, aqrar sahənin bu mexanizmlə əlaqələndirilməsini vacib hesab edirik. 2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi 12,5 faiz və ya 153 milyon manat artaraq təxminən 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu 2027-ci ildə iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik olan xərc istiqamətidir.

Prezident İlham Əliyev xüsusi olaraq qeyd edir ki, kənd təsərrüfatı bizim üçün iqtisadi, sosial və təhlükəsizlik məsələsidir və hökumət bu sahəyə dəstəyi bundan sonra da davam etdirəcəkdir. Eyni zamanda dövlətin aqrar sahədən böyük gözləntiləri də var.

Bu gözləntilər kənd təsərrüfatına dövlət dəstəyinin səmərəli təşkili, məhsuldarlığın və ixracın artırılması, özünütəminetmə göstəricilərinin yaxşılaşdırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, kəndin inkişafı və rifahı ilə bağlıdır. Bunları nəzərə alaraq növbəti illərdə aqrar sahənin maliyyələşdirilməsinin nəticəəsaslı büdcə prinsipi ilə daha sıx uzlaşdırılmasını vacib hesab edirik.

Hörmətli xanım sədr!

Hörmətli deputat həmkarlar!

Aparılmış müzakirələrin nəticələrini və Hesablama Palatasının da rəyini nəzərə almaqla bildiririk ki, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə və ölkəmizin strateji inkişaf hədəflərinə cavab verir.

Əsas prinsipləri dayanıqlıq, səmərəlilik və keyfiyyət dəyişiklikləri olan büdcə zərfi növbəti ildə dövlətin prioritet funksiyalarının icrası, milli təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah üçün etibarlı maliyyə təminatı yaradır.

Qeyd edilənləri nəzərə alaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq  qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuş üçün müzakirəsini məqsədəuyğun hesab edir və hörmətli deputat həmkarlarımızdan layihənin dəstəklənməsini xahiş edirəm.

Diqqətinizə görə sağ olun!

 

 

Azər Əmiraslanov

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri