Azərbaycan Bayrağı – milli həmrəyliyimizin, suverenliyimizin və Zəfərimizin rəmzi
Azərbaycan Bayrağı – milli həmrəyliyimizin, suverenliyimizin və Zəfərimizin rəmzi
Dövlət bayrağı hər bir müstəqil ölkənin beynəlxalq aləmdə tanınmasını təmin edən rəsmi atribut olmaqla yanaşı, xalqın milli kimliyini, tarixi yaddaşını, birliyini və dövlətçilik iradəsini özündə birləşdirən müqəddəs rəmzdir. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımızın mənası isə bundan daha genişdir. Bu bayraq əsrlər boyu yaşadılan azadlıq arzusunun, milli istiqlal mübarizəsinin, müstəqil dövlət qurmaq əzminin və tarixi ədalətin bərpasının ifadəsidir. Bu gün Azərbaycan bayrağı ölkəmizin hər bir guşəsində, dövlət qurumlarının binalarında, təhsil və mədəniyyət müəssisələrində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında, diplomatik nümayəndəliklərimizdə və idman arenalarında dalğalanır. Onun ucaldığı hər bir məkan müstəqil Azərbaycan dövlətinin mövcudluğunu, xalqımızın öz taleyini müstəqil müəyyən etmək hüququnu və milli suverenliyini ifadə edir.
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə üçrəngli bayrağımızın mənasına nəzər salarkən onun yalnız tarixi keçmişimizi deyil, həm də müasir dövlətçilik yolumuzu və gələcək hədəflərimizi əks etdirdiyini görürük. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi üçrəngli bayraq xalqımızın milli istiqlal ideologiyasının dövlət rəmzinə çevrilmiş formasıdır. Mavi, qırmızı və yaşıl rənglər türkçülük, müasirlik və islamçılıq prinsiplərini ifadə etməklə milli kimliyimizlə ümumbəşəri dəyərlər arasında əlaqəni nümayiş etdirir. Bu ideoloji yanaşmanın müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımızın rəsmi statusu aradan qalxsa da, onun ifadə etdiyi istiqlal düşüncəsi xalqımızın yaddaşında yaşamaqda davam etdi. Müstəqillik arzusu, milli dövlətçilik ənənələrinə bağlılıq və azad yaşamaq istəyi sonrakı nəsillərə ötürüldü. Bu baxımdan, üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycanın müstəqilliyə doğru siyasi mübarizəsinin mühüm mərhələsi oldu.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi tarixi hadisə idi. Həmin qərarla milli dövlətçilik irsinə siyasi səviyyədə sahib çıxıldı və Azərbaycan xalqının müstəqillik düşüncəsi açıq şəkildə ifadə olundu. 1991-ci il fevralın 5-də bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən təsdiq edildi, həmin il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə isə dövlət müstəqilliyimizin hüquqi bərpası rəsmiləşdirildi. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində milli rəmzlərin qorunması və cəmiyyətin vahid ideya ətrafında birləşdirilməsi mühüm yer tuturdu. Ümummilli Lider Heydər Əliyev bayrağa münasibəti Vətənə və dövlətə sədaqətin göstəricisi kimi qiymətləndirir, xüsusilə gənc nəslin dövlət rəmzlərinin mənasını dərindən dərk etməsinin vacibliyini vurğulayırdı.
Ümummilli Lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” fikri bu gün də öz aktuallığını qoruyur. Çünki dövlət rəmzlərinə sevgi yalnız müəyyən bayramlarda nümayiş etdirilən hiss deyil, gündəlik həyatda vətəndaş məsuliyyəti, dövlətə bağlılıq və milli həmrəylik şəklində özünü göstərməlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin güclənməsi, iqtisadi potensialının artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi və müdafiə qabiliyyətinin yüksəldilməsi üçrəngli bayrağımızın beynəlxalq miqyasda daha geniş tanınmasına şərait yaradıb. Bayrağımız Azərbaycanın iştirak etdiyi beynəlxalq tədbirlərdə, diplomatik görüşlərdə və idman yarışlarında dövlətimizin rəsmi təmsilçisi kimi çıxış edir. Lakin Azərbaycan bayrağının müasir tariximizdə qazandığı ən mühüm mənəvi məna onun ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlıdır. Uzun illər ərzində işğal altında qalan torpaqlarımızda üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımızın ən böyük arzularından biri idi. Bu arzu 2020-ci ildə Vətən Müharibəsində əldə edilən tarixi Zəfərlə reallığa çevrildi. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının tarixində milli birlik və həmrəyliyin ən parlaq nümunələrindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Müharibənin hər bir mərhələsində xalqın dövlətə və orduya dəstəyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə nümayiş etdirilən həmrəylik ümumi qələbənin əsas amillərindən idi. Vətən Müharibəsi günlərində Azərbaycan bayrağı xalqımızın vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. İnsanlar evlərinin eyvanlarından, avtomobillərdən, küçə və meydanlardan üçrəngli bayrağımızı nümayiş etdirərək ordumuza dəstəklərini ifadə edirdilər. Bu mənzərə dövlət rəmzinin cəmiyyətin mənəvi həyatındakı yerini və onun insanları birləşdirmək gücünü aydın göstərirdi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi isə Zəfər tariximizin ən mühüm hadisələrindən biri oldu. Qarabağın tacı hesab edilən Şuşanın azadlığı həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin həmin gün xalqa müraciət edərək Şuşanın azad olunduğunu bəyan etməsi bütün Azərbaycanda böyük sevinc və qürurla qarşılandı. Şuşanın azad edilməsindən sonra şəhərdə Azərbaycan bayrağının ucaldılması xalqımızın milli iradəsinin təntənəsini ifadə edirdi. Bu, uzun illər davam edən həsrətin sona çatması, tarixi torpaqlarımızda dövlət suverenliyinin bərpasına doğru atılan həlledici addım idi.
Müharibədən sonra Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı ilk növbədə Azərbaycan bayrağının ucaldılması artıq ənənəyə çevrildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilərdə üçrəngli bayrağımızın dalğalanması dövlətimizin həmin torpaqlara qayıdışının və suverenliyinin rəmzi oldu. Bu hadisələr bayrağımızın mənəvi yükünü daha da artırdı. Artıq o, yalnız müstəqilliyimizin deyil, həm də xalqımızın tarixi ədalətin bərpası uğrunda apardığı mübarizənin və əldə etdiyi qələbənin rəmzidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisində təmin edildi. Bununla da dövlətimizin konstitusiya quruluşunun bərpası istiqamətində mühüm mərhələ başa çatdı. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində, Xocalıda, Xocavənddə, Ağdərədə və Sərsəng su anbarının ərazisində Azərbaycan bayrağını ucaltması tarixi hadisə kimi yadda qaldı. Uzun illər ərzində həsrətində olduğumuz üçrəngli bayrağımızın bu ərazilərdə dalğalanması dövlət suverenliyimizin tam bərpasının əyani təcəssümü idi. Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin və dövlətçilik iradəsinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Həmin gün üçrəngli bayrağımızın altında bir araya gələn hərbçilərimiz Vətən müharibəsində qazanılan Zəfərin və dövlət suverenliyinin bərpasının rəmzinə çevrildilər.
Bu gün Azərbaycan bayrağı azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də ayrılmaz hissəsidir. Şəhər və kəndlərimizdə yenidən qurulan infrastruktur, tikilən yaşayış binaları, açılan məktəblər, xəstəxanalar və digər sosial obyektlər həmin torpaqlarda yeni həyatın başlanmasını təmin edir. Dövlət bayrağımız bu quruculuq prosesinin hər bir mərhələsində müstəqilliyimizin və suverenliyimizin rəmzi kimi dalğalanır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması da bayrağımızın ifadə etdiyi milli birliyin mühüm təzahürüdür. Uzun illər doğma evlərindən ayrı düşmüş insanların öz torpaqlarına qayıtması, burada yeni həyat qurması və gələcəyə inamla yaşaması müstəqilliyimizin yaratdığı imkanların real nəticəsidir.
Dövlət Bayrağının ictimai həyatımızdakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncam əsasında yaradılan meydan 2010-cu il sentyabrın 1-də istifadəyə verildi. Burada Dövlət Bayrağı Muzeyinin yaradılması da xalqımızın dövlətçilik tarixinin öyrənilməsi və təbliği baxımından mühüm addım oldu. 2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanının yenidən açılması və Prezident İlham Əliyevin burada Azərbaycan bayrağını ucaltması xüsusi rəmzi məna daşıyırdı. Yenilənmiş muzeydə yaradılan “Zəfər qalereyası”nda Vətən müharibəsinin tarixi hadisələrini, işğaldan azad edilmiş ərazilərdə bayrağımızın qaldırılmasını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Beləliklə, muzey dövlət rəmzimizin tarixini müasir Azərbaycanın Zəfər salnaməsi ilə bir araya gətirir. Dövlət bayrağına hörmət yalnız onun rəsmi mərasimlərdə qaldırılması ilə məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etmək vəzifəsini müəyyənləşdirir. Bu tələb dövlətçilik şüurunun, hüquqi mədəniyyətin və vətəndaş məsuliyyətinin əsas göstəricilərindən biridir. Xüsusilə, gənc nəslin dövlət rəmzlərinin tarixi və mənəvi əhəmiyyətini dərindən öyrənməsi vacibdir. Məktəblərdə, ali təhsil müəssisələrində və ictimai tədbirlərdə bayrağımızın tarixi, onun ideoloji əsasları və müstəqilliyimizin əldə olunmasındakı rolu haqqında biliklərin təbliği vətənpərvərlik tərbiyəsinin mühüm istiqamətidir. Gənclər bilməlidirlər ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun arxasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqillik arzusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin qorunması istiqamətində fəaliyyəti, müstəqilliyimizin möhkəmləndirilməsi üçün görülən işlər və Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığı dayanır. Bu baxımdan, bayrağa hörmət həm də şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin fədakarlığının qiymətləndirilməsi və müstəqil dövlətimizin qorunmasına məsuliyyətli yanaşma deməkdir. Dövlət rəmzlərinə münasibət vətəndaşın Vətən qarşısında mənəvi mövqeyini ifadə edir. Azərbaycan bayrağı bu gün ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi və siyasi inkişafının, müstəqil xarici siyasətinin və suverenliyinin rəmzi kimi dünyanın müxtəlif ölkələrində dalğalanır. O, Azərbaycanı tanıdır, xalqımızın milli kimliyini ifadə edir və dövlətimizin beynəlxalq münasibətlər sistemindəki yerini göstərir. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır” fikri bu gün də öz tarixi və mənəvi əhəmiyyətini qoruyur.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur və məsuliyyət günüdür. Bu tarix bizi bir daha üçrəngli bayrağımızın keçdiyi tarixi yolu xatırlamağa, dövlət müstəqilliyimizin əhəmiyyətini dərk etməyə və milli həmrəyliyimizi qorumağa çağırır. Bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda, paytaxtımızda, bölgələrimizdə və beynəlxalq arenalarda dalğalanır. Onun hər dalğalanışı müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin ifadəsidir. Ən başlıcası, bayrağımız gələcək nəsillərə ötürəcəyimiz dövlətçilik irsinin, azadlıq düşüncəsinin və Vətən sevgisinin əbədi rəmzidir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı