Arzu Nağıyev: Kibertəhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizlik məsələsidir

11/11/2026 - 14:03
Arzu Nağıyev: Kibertəhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizlik məsələsidir

Son illərdə Azərbaycan Ordusunun modernləşdirilməsi, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən olub.

 Economynews.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir. Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir.

A.Nağıyev, xüsusilə vurğulayıb ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür. Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Ona görə də gələcək illərdə müdafiə və təhlükəsizlik sahəsində büdcə vəsaitlərinin planlaşdırılması zamanı bu istiqamətlərin də nəzərə alınması vacibdir