Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir

14/07/2026 - 04:43
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
​Protokola uyğun olaraq keçirilən rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
​Mərasimdən sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
​Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.
​Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsi ilə tanış olub, akademiyanın tədris-maddi bazası və laboratoriyalarına baxış keçiriblər.