​“Böyük Qayıdış” proqramında həlledici il: Ağdam, Füzuli və Xocavəndə minlərlə sakin qayıdır

​“Böyük Qayıdış” proqramında həlledici il: Ağdam, Füzuli və Xocavəndə minlərlə sakin qayıdır

14/07/2026 - 04:50
​“Böyük Qayıdış” proqramında həlledici il: Ağdam, Füzuli və Xocavəndə minlərlə sakin qayıdır
2026-cı il “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasında final mərhələsi kimi tarixə düşür. Bu il ərzində əvvəllər start verilmiş irimiqyaslı layihələrin böyük hissəsinin yekunlaşdırılması nəzərdə tutulur.
​Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş sözügedən rayonlarda, o cümlədən Ağdam şəhərində, müxtəlif kənd və yaşayış məntəqələrində bərpa, təmir və tikinti işləri yekunlaşmaq üzrədir.
​Ağdam və Xocavənddə böyük köç dalğası
​Emin Hüseynovun sözlərinə görə, ilin sonunadək Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi planlaşdırılır. Bu, təxminən 10 min nəfərin öz doğma yurduna köçürülməsini təmin edəcək.
​Xocavənd rayonunda isə bir şəhər, iki qəsəbə və 14 kənddə bərpa işləri intensiv şəkildə davam etdirilir. İl sonuna qədər rayonun əhalisinin 12 min nəfərə çatdırılması hədəflənir. Paralel olaraq, Füzulinin Dövlətyarlı və Pirəhmədli, Ağdamın isə Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində tikinti prosesi uğurla icra olunur.
​II Dövlət Proqramı və perspektiv hədəflər
​“Böyük Qayıdış” prosesinin davamlılığını təmin etmək üçün artıq II Dövlət Proqramının hazırlıqları görülür. Xüsusi nümayəndə vurğulayıb ki, yeni mərhələdə Ağdam rayonuna əlavə 30–40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi planlaşdırılır.
​"Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlanıb. Bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək", - deyə Emin Hüseynov əlavə edib.