Milli musiqi alətlərimiz standartlaşdırılır: Kamança ailəsi üzrə ilk milli standartlar təsdiqləndi
Milli musiqi alətlərimiz standartlaşdırılır: Kamança ailəsi üzrə ilk milli standartlar təsdiqləndi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması prosesində tarixi mərhələ başa çatıb.
Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində fəaliyyət göstərən AZSTAND-44 "Mədəniyyət, turizm və yaradıcı sənayelər" Texniki Komitəsi tərəfindən kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanan milli standartlar rəsmi qaydada təsdiqlənib.
Təsdiq olunan bu yeni standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar çərçivəsində müəyyənləşdirir. Layihə ölkəmizdə milli musiqi alətləri sahəsində həyata keçirilən ilk sistemli standartlaşdırma təşəbbüsü kimi xüsusi əhəmiyyət kəsb edir.
Mütəxəssislərin fikrincə, bu addım milli musiqi irsimizin qorunması, onun elmi əsaslarla inkişaf etdirilməsi və autentikliyinin gələcək nəsillərə ötürülməsi istiqamətində atılmış ən mühüm nailiyyətlərdən biridir. Vahid standartların tətbiqi həm də milli musiqi alətlərinin istehsalında keyfiyyət nəzarətini təmin edəcək və alətlərin beynəlxalq səviyyədə təbliğinə töhfə verəcək.
Qeyd edək ki, milli musiqi alətlərimizin standartlaşdırılması prosesi davamlı olacaq və digər alətlərimiz üzrə də müvafiq işlərin görülməsi nəzərdə tutulur.