AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb

AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb

29/06/2026 - 12:02
AİB Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28%-dən çox artırıb
Bu ilin birinci rübündə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 455 min ABŞ dolları və ya 28,1% çoxdur.

Hesabat dövründə Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmində AİB-in payı 0,1% təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1,720 milyard ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201,2 milyon ABŞ dolları və ya 13,2% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi 1,110 milyard ABŞ dolları olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə çoxdur.

Azərbaycan ilə Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlıq uzun illərdir nəqliyyat, energetika, su təchizatı, dövlət idarəçiliyi və özəl sektorun inkişafı kimi müxtəlif istiqamətləri əhatə edir. Son illərdə tərəflər arasında əməkdaşlığın əsas prioritetlərindən biri regional bağlantının gücləndirilməsi, Orta Dəhlizin inkişafı və yaşıl enerji layihələrinin dəstəklənməsi olub. Bu ilin ilk rübündə AİB-in Azərbaycan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcminin artması da tərəfdaşlığın genişləndiyini göstərir.

Bu əməkdaşlığın perspektivlərindən danışan AİB-in Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leya Qutyerres Trend-ə müsahibəsində bildirib ki, Bank Orta Dəhliz boyunca nəqliyyat, ticarət və enerji sahələrində inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirir.