Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi

19/06/2026 - 10:47
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.


“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:


- Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.


Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların yaxın, səmimi münasibətləri dostluq və qardaşlıq nümunəsi idi. Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik.


Xatırlayırsınız, mən Prezident olanda Səid Camaloviç ilə dəfələrlə görüşmüşdük, bax, elə bu otaqda, mükafatlar təqdim etmişik. Bütün bunlar yaddaşımızdadır, bu, ortaq tarixdir. Bizi ortaq tariximiz və Azərbaycan ilə Dağıstanı bütövlükdə həm ümumi tarix, həm də sıx qohumluq bağları, ortaq coğrafiya və əminəm ki, ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir.