Hökməli qəsəbəsində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.
Abşeronun Hökməli qəsəbəsində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.
Hökməlidə təbiət hadisəsi: Göl daşıdı, yüzlərlə evi su basdı
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən gölün səviyyəsinin kəskin yüksəlməsi nəticəsində ətrafdakı yaşayış məntəqələrində ciddi vəziyyət yaranıb.
Məlumatlara görə, gölün daşması nəticəsində qəsəbənin müxtəlif ərazilərində yüzlərlə fərdi yaşayış evini çirkab və qrunt suları basıb. Evlərin həyətyanı sahələri, zirzəmiləri və bəzi hallarda yaşayış otaqları yararsız hala düşüb, sakinlərə maddi ziyan dəyib.
Sakinlər bildirirlər ki, illərdir davam edən bu problem son günlər daha da kəskinləşib. Evlərinə su dolan vətəndaşlar qəzalı vəziyyətdə yaşadıqlarını, təsərrüfatlarına ciddi ziyan dəydiyini və antisanitariya şəraitinin yarandığını qeyd edirlər.
Hazırda əraziyə müvafiq qurumların texnikası və canlı qüvvəsi cəlb olunub, suyun çəkilməsi və kanalizasiya xətlərinin təmizlənməsi istiqamətində tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən zərərçəkmiş ərazilərdə monitorinqlər aparılır.
Yerli icra hakimiyyəti orqanları vəziyyətin nəzarətdə saxlanıldığını və su basmış evlərin müəyyən edilərək ziyanın qiymətləndirilməsi üçün müvafiq addımların atılacağını bildiriblər.
Hadisənin dəqiq səbəbləri və ziyanın həcmi ilə bağlı araşdırmalar davam etdirilir.