ADY-dən CİDDİ XƏBƏRDARLIQ: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
ADY-dən CİDDİ XƏBƏRDARLIQ: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Cari ilin ilk 6 ayında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına qarşı 21 təhlükəsizlik pozuntusu qeydə alınıb. Bu müddət ərzində hərəkətdə olan qatarlara 21 dəfə daş atılıb.
Bu barədə ADY məlumat yayıb.
Qurumdan bildirilib ki, bu cür neqativ hallar nəticəsində qatarlara maddi ziyan dəyib, həmçinin sərnişinlərin və qatar heyətinin həyat və sağlamlığı ciddi risk altına düşüb.
"Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar", – deyə məlumatda vurğulanıb.
ADY valideynlərə müraciət edərək onları övladlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirməyə, dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə mütəmadi söhbətlər aparmağa çağırıb.