Zəfərdən doğan yeni reallıqlar: güclü dövlət, milli suverenlik və gələcəyə inam
Zəfərdən doğan yeni reallıqlar: güclü dövlət, milli suverenlik və gələcəyə inam
Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcək inkişaf istiqamətini müəyyən edir, milli düşüncəyə, dövlətçilik ənənələrinə və cəmiyyətin özünəinamına yeni məzmun qazandırır. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər məhz belə hadisələrdəndir. 8 Noyabr – Zəfər Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünün bərpasına deyil, həm də dövlətimizin beynəlxalq mövqeyinin, siyasi nüfuzunun və milli özünəinamının daha da güclənməsinə xidmət etdi.
Zəfərin mahiyyətini dərindən anlamaq üçün Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərinə, xüsusilə dövlət quruculuğu prosesində əldə etdiyi nailiyyətlərə nəzər salmaq lazımdır. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi siyasi böhran, iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövlətçiliyimiz üçün ciddi təhdidlər yaratmışdı. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində tarixi addımlar atıldı. Məhz həmin dövrdə formalaşdırılan strateji inkişaf xətti Azərbaycanın gələcək uğurlarının, o cümlədən tarixi Zəfərinin siyasi və iqtisadi təməlinə çevrildi.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun, ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizi keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltdi. Dövlət başçısının uzaqgörən siyasi strategiyası, qətiyyətli diplomatik fəaliyyəti, milli maraqlara söykənən prinsipial mövqeyi və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar Azərbaycanın qarşısında yeni tarixi imkanlar yaratdı. Xüsusilə iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, enerji strategiyasının uğurla reallaşdırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və müdafiə potensialının artırılması dövlətimizin müstəqil qərarlar qəbul etmək imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdi. Bu baxımdan, Vətən müharibəsində qazanılan Qələbə uzun illər ərzində həyata keçirilən kompleks dövlət siyasətinin məntiqi nəticəsi idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin öz suveren hüquqlarını və ərazi bütövlüyünü təmin etmək əzmini nümayiş etdirdiyi tarixi mərhələ oldu. 44 gün ərzində Azərbaycan Ordusu döyüş meydanında yüksək peşəkarlıq, müasir hərbi taktika, fədakarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən hərbi uğurlar ölkəmizin siyasi və diplomatik mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini müəyyən edən həlledici hadisəyə çevrildi. Bu əməliyyat Azərbaycan hərb tarixində xüsusi yer tutmaqla yanaşı, xalqımızın milli-mədəni yaddaşında əvəzsiz əhəmiyyətə malik olan Şuşanın yenidən azadlığa qovuşması demək idi. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixi iradəsinin qarşısında heç bir maneənin dayana bilməyəcəyini bir daha sübut etdi.
Lakin hər bir böyük tarixi Qələbənin arxasında yalnız hərbi güc deyil, həm də mənəvi dayaq, xalqın birliyi və milli həmrəylik dayanır. Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən yüksək səfərbərlik və həmrəylik nümunəsini ortaya qoydu. Ölkənin müxtəlif bölgələrində yaşayan insanlar, siyasi baxışlarından və sosial mövqelərindən asılı olmayaraq, vahid məqsəd ətrafında birləşdilər. Azərbaycan Ordusunun hər bir uğuru milyonlarla insanın sevincinə çevrilir, cəbhədən gələn hər bir xəbər xalqımızda qələbəyə olan inamı daha da artırırdı. Bu mənəvi birlik dövlət və cəmiyyət münasibətlərinin möhkəmliyini, milli maraqların hər şeydən üstün tutulduğunu nümayiş etdirdi.
Zəfərimizin ən böyük mənəvi dayağı isə Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi və qazilərimizin misilsiz fədakarlığıdır. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin heç zaman unudulmayacaq səhifələrində yaşayacaq. Şəhidlərimiz öz həyatlarını xalqımızın azadlığına, dövlətimizin bütövlüyünə və gələcək nəsillərin firavan həyatına qurban verdilər. Qazilərimiz isə sağlamlıqlarını Vətən yolunda fəda edərək milli qəhrəmanlıq nümunəsinə çevrildilər. Bizim üzərimizə düşən vəzifə onların xatirəsini ehtiramla yaşatmaq, ailələrinə və yaxınlarına daim diqqət göstərmək, qazilərimizin cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaqdır. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması Azərbaycanın sosial dövlət prinsiplərinə sadiqliyinin mühüm göstəricisidir.
Bir iqtisadçı alim və parlament üzvü kimi hesab edirəm ki, Zəfərin tarixi əhəmiyyətini yalnız hərbi və siyasi nəticələrlə məhdudlaşdırmaq düzgün olmazdı. Bu Qələbə Azərbaycanın iqtisadi inkişafı, regional əməkdaşlıq imkanları və uzunmüddətli strateji hədəfləri baxımından da tamamilə yeni perspektivlər açdı. Çünki siyasi suverenliyin möhkəmlənməsi iqtisadi suverenliyin, iqtisadi suverenliyin möhkəmlənməsi isə dövlətin davamlı inkişafının əsas şərtlərindəndir. Müasir dövrdə güclü dövlət olmaq üçün yalnız təbii sərvətlərə və maliyyə imkanlarına malik olmaq kifayət etmir. İqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi, innovasiyaların tətbiqi, insan kapitalının inkişafı, sahibkarlığın dəstəklənməsi və rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılması vacibdir. Zəfərdən sonra Azərbaycan qarşısında yaranan imkanlar məhz bu istiqamətlərdə daha geniş və sistemli fəaliyyət tələb edir.
Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ümummilli inkişaf strategiyamızın prioritet istiqamətlərindən biridir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr təkcə yaşayış məntəqələrinin yenidən qurulmasına deyil, bütöv bir iqtisadi məkanın formalaşdırılmasına xidmət edir. Regionda nəqliyyat və logistika infrastrukturunun inkişafı, kənd təsərrüfatı və sənaye potensialının reallaşdırılması, alternativ enerji layihələrinin həyata keçirilməsi, turizm imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq. Eyni zamanda, bu proses işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək, yeni investisiya imkanları yaradacaq və əhalinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verəcəkdir.
Zəfərdən sonrakı dövrün digər mühüm istiqaməti Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndirilməsidir. Bu gün ölkəmiz regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasında mühüm rol oynayır. Nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, regional əməkdaşlıq və iqtisadi tərəfdaşlıq sahələrində Azərbaycanın artan əhəmiyyəti onun beynəlxalq nüfuzunun göstəricisidir. Bizim strateji məqsədimiz əldə olunmuş tarixi nailiyyətləri davamlı sülhə, təhlükəsizliyə, iqtisadi tərəqqiyə və xalqlar arasında qarşılıqlı faydalı əməkdaşlığa çevirməkdir.
Milli Məclisin deputatı kimi hesab edirəm ki, Zəfərdən sonra qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi dövlət və cəmiyyətin bütün institutlarının birgə fəaliyyətini, qanunvericilik bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsini, sosial-iqtisadi islahatların davam etdirilməsini və vətəndaş məsuliyyətinin yüksəldilməsini tələb edir. Güclü dövlət yalnız qazandığı Qələbələrlə deyil, həmin Qələbələrin yaratdığı imkanlardan xalqın rifahı naminə nə dərəcədə səmərəli istifadə etməsi ilə də ölçülür. Bu mənada, Zəfər bizim üçün həm böyük tarixi nailiyyət, həm də gələcək inkişafımız qarşısında ciddi məsuliyyətdir.
Əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə öz milli birliyini və dövlətçilik iradəsini qoruyaraq qarşıya qoyduğu bütün strateji hədəflərə nail olacaq. Zəfərimizin yaratdığı özünəinam, milli qürur və vətənpərvərlik ruhu gələcək nəsillərin formalaşmasında, dövlətimizin daha da güclənməsində mühüm mənəvi amil olaraq qalacaq.
8 Noyabr -Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, rəşadətli Azərbaycan Ordusunu və bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Bu böyük Qələbənin əldə edilməsində əməyi və fədakarlığı olan hər bir Azərbaycan vətəndaşına minnətdarlığımı bildirirəm.
Zəfər bizim tariximiz, suverenliyimiz, milli qürurumuz və gələcəyə inamımızdır. Onu qorumaq, möhkəmləndirmək və yeni uğurlarla zənginləşdirmək hər birimizin müqəddəs vəzifəsidir.
8 Noyabr - Zəfər Günümüz mübarək! Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!
Müəllif: Rövşən Muradov
İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı