Taleh Kazımov: Mərkəzi Bank kredit faizlərini inzibati qaydada idarə etmir

30/07/2026 - 17:25
Taleh Kazımov: Mərkəzi Bank kredit faizlərini inzibati qaydada idarə etmir

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun kredit faizlərini inzibati (administrativ) qaydada idarə etmədiyini bildirib.  

​AMB sədri qeyd edib ki, kreditlər üzrə faizlər bazar prinsipləri əsasında və sərbəst şəkildə formalaşmalıdır. Mərkəzi Bank isə bu prosesə birbaşa müdaxilə etmir, yalnız uçot dərəcəsi vasitəsilə pulun maya dəyərinə təsir göstərir:  

​“Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmir. Kreditlər üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. Biz pulun maya dəyərinə təsir edirik və öz uçot dərəcəmiz vasitəsilə faizləri azaldanda manatın maya dəyəri də düşür, xərc olaraq banklar üçün azalır. Bu da ümumi kredit faizlərinə təsir edir.”

  

​Taleh Kazımov əlavə edib ki, banklar vəsaitləri müəyyən faizlə cəlb edir, daha sonra üzərinə əməliyyat xərclərini, kredit riski faizini və öz marjalarını əlavə edirlər. O, bank sektorunda əsas çağırışlardan birinin rəqabətin yetərli səviyyədə olmaması və təmərküzləşmənin yüksəkliyi olduğunu vurğulayıb. Sədr qeyd edib ki, rəqabətin artırılması istiqamətində, o cümlədən sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni tənzimləmə yanaşmalarının tətbiqi planlaşdırılır.