Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

05/11/2026 - 18:48
Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

​Məktubda Özbəkistan dövlət başçısı Azərbaycan xalqını və Prezident İlham Əliyevi bu əlamətdar və tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edib.

​Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin hərbi-siyasi gücünün, xalqın həmrəyliyinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin parlaq təzahürüdür. Özbəkistan Prezidenti bu zəfərin regionda davamlı sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verdiyini vurğulayıb.

​Təbrikdə iki ölkə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi, birgə layihələrin uğurla həyata keçirildiyi məmnunluqla ifadə olunub.

​Sonda Şavkat Mirziyoyev Prezident İlham Əliyevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıb.