Qarabağa növbəti köç karvanı: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıbPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi uğurla davam etdirilir. Bu çərçivədə Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
İndiyədək respublikanın müxtəlif bölgələrində – əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin doğma yurdlarına qayıtması təmin olunub.
Bu köç mərhələsi üzrə:
Xocavənd şəhərinə 20 ailə (81 nəfər);
Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər);
Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) olmaqla ümumilikdə 27 ailənin (107 nəfər) doğma yurdlarına qayıdışı reallaşdırılıb.
Doğma evlərinə qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə təşəkkür edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla yad ediblər.