Milli Məclisin plenar iclasında
Milli Məclisin plenar iclasında
Oktyabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
Milli Məclisin sədri iclasda 11 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin ilk 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) danışıb.
O, qanun layihəsi barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini, komitənin üçüncü oxunuşla bağlı rəyinin müsbət olduğunu söyləyib, sənədin səsə qoyulmasını xahiş edib.
Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Nəzarət tədbirlərinin dövriliyi və intensivliyi maliyyə institutunun və ya maliyyə qrupunun risk profili, siyasəti, daxili qaydaları, nəzarət mexanizmləri və prosedurları nəzərə alınmaqla müəyyən ediləcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.
O, məsələnin əvvəlki oxunuşlar zamanı ətraflı təqdim edildiyini, əlavə hər hansı bir təklifin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Layihədə nəzərdə tutulan dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
O, sənədin birinci və ikinci oxunuşda təqdimatı zamanı geniş məlumat verildiyini və mətndə heç bir dəyişiklik edilmədiyini bildirərək, layihənin dəstəklənməsini xahiş edib.
Layihənin hazırlanmasında məqsəd müasir yükqaldırıcı qurğuların texniki dözümlülük göstəricilərini nəzərə almaqla, Dəniz Limanları Reyestrinə daxil edilmiş limanlarda istismar olunan kranların küləkli hava şəraitində təhlükəsiz və səmərəli istifadəsinə şərait yaratmaqdır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin spikeri gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb. Layihə ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Habelə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 45-ci maddəsinin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 31.5-ci maddəsinin "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir.
Sənəddə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyənləşdirilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.
Nəzərə çatdırılıb ki, sözügedən qanunun 14-cü maddəsində "standart" sözünün "keyfiyyət göstəricisi" sözləri ilə əvəz edilməsi, 33.1.5-ci maddəsində isə "keyfiyyət göstəricisi" anlayışının xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə və yoxlanıla bilən göstərici kimi ifadə olunması təklif edilir. Qeyd olunub ki, dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənəd ətrafında aparılan müzakirələrdə çıxış edən deputatlar Hikmət Məmmədov və Naqif Həmzəyev bəzi təkliflərini səsləndiriblər. Komitə sədrinin müavini Azər Badamov qaldırılan məsələlərə münasibət bildirib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. O, növbəti məsələnin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib.
Qeyd olunub ki, adı çəkilən layihə və daha bir məsələ ilə əlaqədar ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyinin Baş İdarə rəisi Elçin Nəsibov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədr müavini Şahmar Məmmədov iclasda iştirak edirlər.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin qanun layihəsini təqdim edib.
O, bildirib ki, layihə müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı xüsusiyyətlərini əhatə edir. Bura bəzi texniki və təkmilləşmə xarakterli dəyişikliklərlə yanaşı, özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi qismində vergi uçotuna alınması, vergi bəyannaməsinin verilməsi, məhkəmə ekspertizası fəaliyyətinə görə alınan haqların vergitutma obyekti hesab olunması, özəl məhkəmə ekspertlərinin məcburi dövlət sosial sığortasına cəlb olunması, özəl məhkəmə ekspertlərinin məşğul şəxslərin sırasına aid edilməsi daxildir.
Bundan başqa, sənəddə özəl məhkəmə ekspertləri barəsində intizam icraatının başlanması və həyata keçirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması qaydalarının müəyyənləşdirilməsi, "Özəl Məhkəmə Ekspertlərinin Palatası"nın yaradılması təklif edilir.
Layihədə, həmçinin özəl məhkəmə ekspertinin şəhadətnaməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılması təklif olunur. Eyni zamanda, layihədə özəl məhkəmə eksperti fəaliyyətinin sahibkarlıq fəaliyyəti hesab olunmadığına dair müddəa öz əksini tapır.
Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdim etdikləri rəylər dinlənildikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri bildirib ki, növbəti iki məsələ mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Spikerin təklifinə əsasən, qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.
Məsələlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib.
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi (birinci oxunuş) barədə diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi aztəminatlı və xüsusi həssas sosial qrupların keyfiyyətli hüquqi yardıma əlçatanlığının daha da artırılmasıdır. Vurğulanıb ki, yeni layihə vətəndaş məmnunluğuna, hüquqi təminatların effektivliyinə və cəmiyyətimizdə mövcud olan ədalət mühitinin daha da güclənməsinə xidmət edən mühüm sənəddir. Bu təşəbbüs dövlətimizin humanist mahiyyətini və insan hüquqlarına yüksək dəyər verdiyini göstərməklə yanaşı, postmünaqişə dövründə sosial yönümlü siyasətin və artan iqtisadi imkanlarımızın məntiqi nəticəsidir.
Milli Məclis və Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıqdan, seçki dairələrində vətəndaşların hüquqi yardıma əlçatanlığının artırılmasına yönəlmiş aksiyalardan söz açan Bəhruz Məhərrəmov yeni layihədə pulsuz hüquqi yardım xidmətinin Vəkillər Kollegiyasına həvalə olunmasını qurumun peşəkarlığına və fəaliyyətinə göstərilən etimadın ifadəsi kimi qiymətləndirib.
Qanun layihəsi pulsuz hüquqi yardımın iki pilləli sistemini formalaşdırır. Birinci pillə məlumatlandırma, ərizə və şikayətlərin hazırlanmasını əhatə edən ilkin hüquqi yardımdır. Bu məqsədlə qanunvericilikdə ilk dəfə paraleqallar institutu yaradılır, xüsusi təlim keçmiş və sertifikat almış ali təhsilli şəxslər, eləcə də universitetlərin hüquq klinikaları prosesə cəlb olunur. İkinci pillə isə məhkəmələrdə və istintaq orqanlarında peşəkar hüquqi yardım və təmsilçiliyi nəzərdə tutur. Bu mərhələdə vəkillər üçün ictimai fayda naminə ildə azı 30 saat ödənişsiz hüquqi yardım göstərilməsini nəzərdə tutan "Pro Bono" xidmət öhdəliyi müəyyən edilir.
Layihədə pulsuz hüquqi yardımın əhatə dairəsinin geniş olduğu qeyd edilib. Buraya aztəminatlı şəxslərlə yanaşı, şəhid ailələri, müharibə veteranları, əlilliyi olan işləməyən şəxslər, insan alveri və məişət zorakılığı qurbanları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, qaçqınlar və digər həssas qruplar daxildir.
Bildirilib ki, gündəliyin 8-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətindən irəli gələrək hazırlanıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə yönəldiyindən, həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edir.
Vurğulanıb ki, cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş bu paket dövlətin sosial məsuliyyətini, insan hüquqlarının müdafiəsinə siyasi iradəsini və Konstitusiyada təsbit olunmuş hüquqların real təminatına yönəlmiş ardıcıl siyasətini əks etdirir. Layihənin qəbulu xüsusilə həssas əhali qruplarının hüquqi müdafiə imkanlarını genişləndirəcək və hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə xidmət edəcək.
Sonra 8-ci məsələ ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təmsil etdikləri komitələrin müsbət rəyini bildiriblər.
Müzakirədə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Razi Nurullayev, Rizvan Nəbiyev, Əli Məsimli, Azər Allahverənov, Kamran Bayramov, Nigar Məmmədova, Vasif Qafarov, Aydın Mirzəzadə, Hikmət Məmmədov, Samir Vəliyev, Aqil Abbasov, Rəşad Mahmudov çıxış ediblər.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova vurğulayıb ki, gündəliyin növbəti iki məsələsi möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bu qanun layihələri mahiyyətcə bir-birinə yaxındırlar.
Spiker 9-cu məsələnin “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi və 10-cu məsələnin Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb.
Çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir. Sənədin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.
Qeyd olunub ki, layihədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları müəyyən edilir. Məlumatların təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, məlumat dərhal qeydiyyata alınmalı və bir qayda olaraq 20 iş günü müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda araşdırma müddətinin 10 iş günü uzadılması mümkündür. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.
Nəzərə çatdırılıb ki, məlumat verən şəxslərin müdafiəsi ilə bağlı layihədə onların məlumatlarının konfidensiallığının qorunması, özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək və konfidensial məsləhət almaq hüquqları müəyyən edilir. Eyni zamanda, məlumat verən şəxsə, onun qohumuna belə məlumata görə hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi, habelə məlumat verilməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir.
Layihədə müəyyən edilmiş subyektlər tərəfindən məlumatların konfidensiallığının və anonimliyin təmin edilməsinə imkan verən kommunikasiya kanallarının yaradılması, elektron qaydada məlumat verilməsi və konfidensial məsləhət almaq imkanının təmin olunması da nəzərdə tutulur. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi müəyyən edilir. Qanunun icra vəziyyətinin öyrənilməsi, statistikanın aparılması, müvafiq təklif və tövsiyələrin hazırlanması Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının səlahiyyətlərinə aid edilir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə dövlət siyasətimizin prioritet istiqamətlərindəndir və ASAN xidmət modeli, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi bu sahədə ölkəmizdə əldə edilən uğurların bariz nümunəsidir. Millət vəkili son 23 il ərzində korrupsiya ilə mübarizə sahəsində müxtəlif dövlət proqramlarının tətbiq edildiyini, qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb. O, müzakirəyə təqdim edilən yeni qanun layihəsinin ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması və bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində mühüm əhəmiyyəti barədə fikirlərini açıqlayıb.
Daha sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Sənəddə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində təsbit edilən mexanizmlərin həyata keçirilməsi üçün zəruri hüquqi əsasların yaradılması və qanunvericiliyin müvafiq müddəalarının həmin layihəyə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişikliklər edilməsi təklif olunur.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsində nəzərdə tutulan dəyişikliklər barədə təmsil etdikləri komitələrin müsbət rəylərini nəzərə çatdırıblar.
Hər iki məsələ ətrafında aparılan müzakirələr zamanı komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Azər Badamov çıxış edərək öz qeyd və təkliflərini bildiriblər.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirilib ki, layihə müxtəlif fəaliyyət sahələrində şəffaflığı artırmaq və qanunvericiliyin icrasına nəzarəti gücləndirmək zərurətindən irəli gələrək hazırlanıb. Sənədə əsasən, enerji, su, qaz, telekommunikasiya, həmçinin dövlət xidmətləri kimi sahələrdə normativ tələblərin pozulmasına görə cərimə mexanizmləri optimallaşdırılır. Tənzimləmələr çərçivəsində vəzifəli şəxslər və hüquqi şəxslər üçün məsuliyyətin hədləri dəqiqləşdirilir. Eyni zamanda, ətraf mühitin mühafizəsi, məhkəmə ekspertizası fəaliyyəti və pulsuz hüquqi yardım qaydalarına əməl olunmaması kimi hallarla bağlı yeni məsuliyyət tədbirləri müəyyənləşdirilir.
Müzakirədə deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi